“Gürcüstanda son 3 ay ərzində kripto bankomatların sayının artması heç də təsadüfi deyil. Bunun əsas səbəbi hökumətin rəqəmsal valyutalar və rəqəmsal ödənişlərə olan loyal yanaşmasıdır. Nəzərənizə çatdırım ki, 2022-ci ilin noyabr ayında dünyanın aparıcı kriptovalyuta birjası olan “Binance”nin rəhbəri Changpeng Zhao Gürcüstana səfəri zamanı baş nazir İrakli Qaribaşvili ilə görüşüb. Bu, Gürüstan hökümətinin rəsmi səviyyəsində ilk ciddi addım idi. Görüş zamanı İrakli Qaribaşvili hökumətin birbaşa xarici investisiyalara daha çox dəstək göstərməyə hazır olduğunu qeyd edib".

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında kriptovalyuta üzrə mütəxəssis Elnur Quliyev deyib. O bildirib ki, cari ilin fevral ayında Gürcüstanın İnnovasiya və Texnologiyaların İnkişafı Agentliyi ilə “Binance” birjası blokçeyn və kripto aktivləri mövzusunda maarifləndirici tədbirlər təşkil etmək üçün anlaşma memorandumu imzalayıb. Əsas məqsəd ölkəyə innvotiv şirkətlərin marağını daha da artırmaq, investisya cəlb etmək və bu sektor üzrə regionda lider dövlətə çevrilməkdir:

 

 

“Azərbaycanda isə kriptovalyutalara münasibət birmənalı deyil. Mövcud vəziyyətdə hər hansı qanunvericilik bazasının olmaması bu sektorun inkişafının qarşısını alır. Hesab edirəm ki, yaxın 3 il ərzində bu mümkün olmayacaq.

Hüquqi statusun müəyyən edilməsi ölkəmizdə maliyyə savadlılığının artırılmasına, məşğulluğun təmin edilməsinə, startap ekosisteminin inkişafına müsbət təsir edəcək və yeni fəaliyyət istiqamətlərinin - kriptovalyuta mayninqi, kripto-birjalar, yerli mübadilə servislərinin yaradılmasını stimullaşdıracaq.

Ədalətli və obyektiv vergi mexanizminin tətbiqi ümumilikdə bu sektorun ölkəmizdə inkişafına şərait yaradacaq, korporativ şirkətləri və adi vətəndaşları kripto-əməliyyatlar üzrə gəlir vergisini ödəməyə motivasiya edəcək”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az