2023-cü ildə Azərbaycan tərəfi İslam Əməkdaşlıq Təşkilatına da öz töhfəsini verməyə davam edib. İƏT xarici işlər naziri şurasında Xocalı soyqırımı, mədəni-tarixi abidələrin dağıdılması, eləcə də Tehrandakı səfirliyimizə terror hücumu ilə bağlı bəyanatlar qəbul edilib.

İqtisadiyyat.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.

“Azərbaycan, həmçinin 2023-cü ildə Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərlə birgə məqsədyönlü layihələr həyata keçirib və Uqanda ilə sədrlik təcrübəsini bölüşüb. Ölkəmiz Türk Dövlətləri Təşkilatı ilə münasibətlərə də xüsusi önəm verib. 3 noyabrda TDT-nin 10-cu yubiley Zirvə görüşündə Azərbaycanın suverenliyinin bərpası tam alqışlanıb”, - nazir deyib.

Nazir deyib ki, il ərzində Azərbaycan və Aİ arasında enerji, nəqliyyat, ticarət sahələrində yüksək səviyyədə dialoq davam edib:

"Azərbaycan Şərq Tərəfdaşlığı çərçivəsində müzakirələrdə təmsil olunub. Azərbaycan 2023-cü ildə NATO, AEBA ilə əməkdaşlıqarını davam etdirib".

Ceyhun Bayramov, həmçinin bildirib ki, Azərbaycan İsrail və Fələstin arasında gərginləşən vəziyyətlə bağlı region ölkələri ilə təmasda olub:

"Azərbaycan münaqişə ilə bağlı Ciddə və Ər-Riyad şəhərlərində keçirilən fövqəladə iclaslarda iştirak edərək Azərbaycanın İsrail-Fələstin münaqişəsi ilə bağlı mövqeyini ifadə edib. Qardaş Türkiyədə baş verən zəlzələdən sonra bu ölkəyə yardım və Ukrayanaya göndərilən humanitar yardım Azərbaycanın verdiyi humanitar yardımlar arasında xüsusi çəki təşkil edir. Azərbaycan, həmçinin Qəzza zolağındakı mülki əhaliyə yardım məqsədilə BMT-nin fələstinli qaçqınlara yardım üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) 2 milyon dollar vəsait ayırıb.