Müdafiə Nazirliyinin məlumatına görə, Qarabağdakı Ermənistan silahlı qüvvələrinin birləşmələri ağ bayraq qaldırıb və təslim olub. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərksilah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. 

 

nagif_hamzayev_130519.jpg

 

Mövcud gedişatla bağlı deputat Naqif Həmzəyev İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Azərbaycan silahlı qüvvələri tərəfindən rus sülhməramlı kontingentinin nəzarətində olan ərazilərdə lokal antiterror tədbirləri həyata keçirmək məcburiyyətində qaldı:

"Bu tədbirlərin keçirilməsində əsas məqsəd qanunsuz erməni silahlı birləşmələri və seperatçılara məxsus hərbçilərin, təhlükə mənbəyi olan hərbi obyektlərin məhv edilməsindən ibarət idi. Bu tədbirlərin görülməsinin əsas günahkarı məhz Ermənistan və seperatçılar idi. Artıq 3 ilə yaxın müddətdir ki, Azərbaycan Ermənistan tərəfinə humanist siyasət sərgiləyərək sülh əlini uzatmışdı. Lakin Ermənistan və seperatçılar bu əli geri çevirirdilər və müxtəlif vaxtlarda təxribatlar törədirdilər. Nəticə etibarilə ötən günün növbəti mina terroru nəticəsində şəhidlərimizin olması Azərbaycanın səbir kasasının dolması ilə yekunlaşdı. Azərbaycan tam olaraq anladı ki, ermənilər danışıq yolu ilə bu prosesin yekunlaşmasını istəmirlər. Onlar bu müddət ərzində vaxt qazanıblar, qaçaq yollarla silah-sursat və hərbi tədarük görüblər. Ermənilər Azərbaycan torpaqlarına minalar qoyublar və ölkəmizə qarşı təxribatlara davam ediblər. Bu baxımdan Azərbaycan lokal antiterror tədbirlərini həyata keçirdi və Ermənistana məxsus hərbi obyektlər, anbarlar darmadağın edildi".

Sabah Qarabağın erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçiriləcək görüşünə də toxunan deputata görə, bu görüşün əsas məqsədi erməni əhalinin reinteqrasiya prosesinin mərhələli şəkildə həyata keçirilməsidir:

"Bununla yanaşı, silah-sursatın təhvil verilməsi, seperatçılara məxsus hərbi birləşmələrin tərki-silah edilərək, Azərbaycan tərəfinə verilməsi prosesi həyata keçiriləcək. Qondarma rejim öz fəaliyyətini dayandıraraq istefa verəcək və hərbi cinayətlər törətmiş bütün erməni hərbçilər ölkəmizin ədalətinə sığınacaqlar. Onların taleyi ilə bağlı Azərbaycan qanunları çərçivəsində tədbirlər görüləcək. Tam təslim olmayan və hələ də məlum ərazilərdə azərbaycanlılar üçün təhlükə mənbəyi ola biləcək silah-sursatın gizlədilməsi, minaların basdırılması və yaxud hansısa terror aktlarının törədilməsi ehtimalı fonunda Azərbaycan silahlı qüvvələri tərəfindən sistemli işlər həyata keçiriləcək. Eyni zamanda dinc əhalinin təhlükəsizliyinin təmin olunması üçün də bir sıra addımlar atılacaq. Hesab edirəm ki, yaxın zamanlarda sözügedən ərazilərdə Azərbaycan qanunları çərçivəsində ölkəmizə məxsus xidmət sahələrinin təşkilinə şahid olacağıq. Sonrakı mərhələdə keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması və erməniəsilli əhali ilə birlikdə yaşaması mümkün olacaq. Bütün seperatçılıq fəaliyyətləri ləğv ediləcək. Azərbaycan qanunlarını qəbul etməyən ermənilər isə Ermənistana yola salınacaq. Bir sözlə, Azərbaycan ordusunun uğurlu antiterror tədbirləri öz bəhrəsini verdi və Azərbaycan diplomatiyası növbəti qələbəsini qazanıb".

Gülşən Şərif