Təhsil ölkənin gələcəyi, sağlam sabahın təməlidir. Danılmaz faktdır ki, ölkə rəhbərliyinin təhsil sahəsindəki mövqeyi yüksək səviyyədədir. Yeni məktəblər tikilir, köhnə məktəblər yenidən təmir olunur. Təbii ki, bunlar bütün rayon məktəblərinə şamil olunmur. Təhsil eksperti Kamran Əsədov bir müddət öncə öz feysbuk profilində Neftçaladakı uçuq-sökük orta məktəbin şəklini paylaşmışdı. Ekspert bildirmişdi ki, sözügedən məktəb Neftçala rayonu, Xıllı qəsəbəsi, Rafiq Gözəlov adına 1 saylı orta məktəbdir. Bu məktəb Muğan zonasının 100 il tarixi olan ən yaşlı məktəbidir. Seyran Səfərov kimi əməkdar müəllim və bir sıra tanınmış şəxsiyyətlər yetişdirib. Amma hazırda yararsız vəziyyətdədir, otaqların isidilməsi üçün avtomobil şini yandırılır ki, buna görə də valideynlər uşaqları məktəbə qoymurlar. Məktəbin əvvəlki direktoru Siyasət Talıbov olub. İndi isə Cəmaləddin Süleymanovdur.

Təhsil eksperti Nadir İsrafilov İqtisadiyyat.az-a açıqlama verərkən bildirib ki, bölgələrdə məktəblər əsaslı şəkildə təmir olunur və bu sahədə çox uğurlu nəticələr əldə edilib.

“Ölkənin şəhər və kəndlərində təkcə son 10 il ərzində 3500-ə yaxın məktəb binası tikilərək istifadəyə verilib. Qəzalı vəziyyətdə olan məktəblərin 2017-2018-ci illərdə modul tipli məktəblərlə əvəz edilməsi istiqamətində də xeyli işlər görülüb. İlk pilot layihə çərçivəsində artıq onlarla məktəb binası quraşdırılaraq təhvil verilib. Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir."

"Məktəb tikintisinə ayrılan vəsait yetərli deyil. Tikinti və təmir işlərinin həcmi vəsaitdən daha çoxdur"

“Dövlət başçısının da bildirdiyi kimi, sosial infrastrukturun yaradılması prosesi davam etdiriləcək. 3 min 272 məktəbin tikilməsinə və təmir edilməsinə baxmayaraq, bu göstərici mövcud məktəb fondunun 73 faizi deməkdir. Ancaq təmirə ehtiyacı olan məktəblər var və bu işlər də növbəti dövlət proqramında nəzərdə tutulacaq. Bir də ki, təhsil islahatları təkcə məktəb tikintisi ilə məhdudlaşmır. Bu məktəblərdə təhsilin keyfiyyətini yüksəltmək də ən başlıca vəzifələrdən biridir. İstər məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, istərsə də təhsilin digər sahələrində aparılan islahatların məqsədi keyfiyyətin yüksəldilməsidir.”

Mehman Nəbiyev