ABŞ-nin texnologiya nəhəngləri arasında olan "Apple"ın gəliri 2% artıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurum məlumat yayıb.

Ötən ilin son rübündə "Apple" şirkətinin gəliri 2% artaraq 119,6 milyard dollara çatıb. Şirkət 2022-ci ilin eyni dövründə 117,1 milyard dollar gəliri əldə edib. Digər tərəfdən, şirkətin əhəmiyyətli bazarlarından biri olan Çində satışları 13% azalıb.

"Apple"ın xalis mənfəəti ötən ilin son rübündə 13% artaraq 33,9 milyard dollara çatıb. Şirkətin xalis mənfəəti 2022-ci ilin eyni dövründə 30 milyard dollar olub.

Şirkətin səhm üzrə mənfəəti sözügedən dövrdə 1,88 dollardan 2,18 dollara yüksəlib. Bu dövrdə "Apple"ın smartfon və kompüter satışları artarkən, planşet satışları azalıb.

Ötən ilin 4-cü rübündə "iPhone" satışlarının həcmi 6% artaraq 69,7 milyard dollara çatıb. Eyni dövrdə "Mac" satışları 0,6% artaraq 7,8 milyard dollar, "iPad" satışları isə 11% azalaraq 7 milyard dollar olub.

 

Gözəl Həşimova