"Biss Chemical" şirkətinin və "AGC"-nin Avropa üzrə ticarət mərkəzinin nümayəndələri Sumqayıt Kimya Sənaye Parkında olublar.

"Marja"nın Parkın yaydığı məlumata istinadən xəbərinə görə,  qarşı tərəfdən bildirilib ki, parka səfər etmələrinin məqsədi gələcəkdə parkın ərazisində alkalin və xlor istehsal edəcək zavod tikmək niyyətindədirlər. Sözügedən zavodun təsisçisi "Biss Chemical" şirkəti olacaq. Müəssisənin qurulması işləri "AGC" şirkəti tərəfindən həyata keçiriləcək.

Daha sonra qarşılıqlı maraq doğuran məsələr müzakirə olunub və qarşı tərəfdən ünvanlanan suallar cavablandırılıb.

Məlumat üçün bildiriə ki, "Biss Chemical" şirkətinin ünvanı Sumqayıt Kimya Sənaye Parkı göstərilir. Lakin bu şirkətin adı rezidentlər siyahısında yoxdur. 

Azərbaycanda sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 7 il müddətinə əmlak, torpaq, gəlir və ya mənfəət vergilərindən, istehsal məqsədi ilə idxal etdikləri texnikanın və texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar. Bundan başqa, sənaye parklarında dövlət vəsaitləri hesabına müasir infrastruktur yaradılır, sahibkarların vəsaitlərini investisiya qoyuluşuna yönəltmələri stimullaşdırılır.