İslandiyadakı “Faqradalsfyadl” vulkanı ətrafında son həftələrdə ən azı 20 min yeraltı təkan qeydə alındıqdan sonra bölgədə fövqəladə vəziyyət elan edilib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İslandiya Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, səlahiyyətlilər ehtiyat tədbiri olaraq ölkənin cənub-qərbindəki Qrindavik şəhərinin minlərlə sakinini təxliyə etməyi əmr ediblər. Ən az 800 ildir yatmış vulkanın zəlzələlər səbəbindən yenidən aktivləşmə təhlükəsi ilə üzləşdiyi bildirilir.

Seysmik fəaliyyətlərin artması səbəbindən bölgədə məşhur olan göl də ziyarətçiləri üçün bağlanıb.

Qeyd edək ki, İslandiya dünyada geoloji aktivliyin ən intensiv olduğu yerlərdən biridir və ölkədə təxminən 30 aktiv vulkan mövcuddur.

 

Gözəl Həşimova