“Təbii fəlakətlərdən heç bir ölkə sığortalanmayıb. Lakin qabağlayıcı tədbirlər görməklə bu cür hadisələrdən minimal zərərlə qurtulmaq olar”.


İqtisadiyyat.az xəbər verir ki, bu sözləri Türkiyədə baş verən zəlzələ ilə bağlı danışan təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev deyib. 

O, həmçinin qeyd edib ki, zəlzələ riski yüksək olan ərazilərdə tikintilərə xüsusi diqqət olmalıdır:

“Zəlzələnin vuracağı ziyanı azaltmaq üçün tədbirlər görülə bilərdi. Buna hadisə baş verməmişdən əvvəl başlayan tədbirlər, hadisə baş verdikdə və hadisə baş verdikdən sonra görülən tədbirlər aiddir. Bunlar üçü birlikdə kompleks tədbirlər planıdır. İlkin olaraq insanların təbii fəlakətlərlə bağlı maarifləndirilməsi çox önəmlidir. Bu cür durumlarda necə davranılmalıdır, harada toplaşılmalıdırlar və bu kimi qaydalar öyrədilməlidir.

İnfrastruktur elə qurulmalıdır ki, təbii fəlakət baş verdikdə dəyən ziyan minimum olsun. Binalar arasında ara məsafəsi olmalıdır, ətrafdakı reklam lövhələri və s. dayanıqlı olmalıdır.

Seysmik ərazilərdə yerləşən binaların tikintisinə diqqət yetirilməlidir, layihədən kənar müdaxilələr olmamalıdır. Bu binalar tələblərə cavab verməlidir, standartlara uyğun olmalıdır”.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az