Azərbaycanın kağız və metal pul nişanları beynəlxalq standartlara uyğun hazırlanır. Hazırda ölkəmizdə milli valyuta kimi tədavülə buraxılan manat və qəpiklərdən istifadə olunur. Amma tədavüldə olan pul nişanları (əsasən kağız pullar) əhali tərəfindən istifadə zamanı tez-tez çirklənməyə və zədələnməyə məruz qalır. Bəzi hallarda isə iaşə müəssisələri, ticarət mərkəzləri və digər obyektlər alış-veriş zamanı zədələnmiş pullardan imtina edirlər. Bəs zədələnmiş pullara sahib olan şəxslər onu necə dəyişdirə bilərlər? Ümumiyyətlə, bu pulları dəyişdirmək mümkündürmü?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, yararsız pullar Mərkəzi Bank tərəfindən dəyişdirilir. 

Onun sözlərinə görə, müvafiq qanuna əsasən, saxta olmayan, bütöv bir hissədən ibarət səthinin 60 faizindən az olmayan hissəsini və ya eyni əsginasa məxsus hissələrdən ibarət səthinin 100 faizini saxlamış pul nişanlarının nominal dəyəri Mərkəzi Bank tərəfindən məhdudiyyətsiz ödənilir.

Ekspert bildirib ki, pul nişanının hissələrinin eyni əsginasa məxsus olması yalnız Mərkəzi Bank tərəfindən müəyyənləşdirilə bilər. Kommersiya bankları tərəfindən zədələnmiş pulların dəyişdirilməsinin mümkünlüyü ilə bağlı suala isə Əkrəm Həsənov bankların qarşısına hər hansısa tələbin qoyulmadığını söyləyib.

Ə.Hənəsov vurğulayıb ki, kommersiya banklarının yararsız pulları dəyişməsi və ya dəyişməməsi azad seçimə bağlıdır. Yəni heç bir bankın yararsız qəpikləri dəyişdirmək kimi səlahiyyəti yoxdur.

Qeyd edək ki, tədavüldə olan milli pul nişanlarının daim yenilənməsi, keyfiyyətinin yüksək səviyyədə saxlanılması və tədavülün təmiz pul nişanları ilə təmin olunması məqsədilə Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir. Tədavüldən qayıdan pullar xüsusi avtomatlaşdırılmış sistemlərdə keyfiyyətinə görə emal olunur. Emal zamanı çirklənmiş və yararsız hala düşmüş pul nişanları tədavüldən çıxarılır. Tədavülə isə yalnız yararlı pul nişanları buraxılır.

Gülşən Şərif