Rusiya və Ukrayna artıq bir müddətdir ki, bir-birini Ukraynanın cənubundakı atom elektrik stansiyasına zərbələr endirməyə hazırlaşmaqda ittiham edir və bu beynəlxalq narahatlığa səbəb olub.

Belə ki, ötən il Rusiya Müdafiə Nazirliyi Ukrayna tərəfini Zaporojye və Xmelnitski AES-lərini atəşə tutmaqda ittiham edib. Bildirilib ki, Ukrayna Silahlı Qüvvələrinin sözügedən obyektləri atəşə tutmasından sonra texniki heyət Zaporojye AES-in texniki vəziyyətinə nəzarət edir. Bu il isə Rusiya BMT Təhlükəsizlik Şurası və Baş Assambleyada Qərbi Ukraynanın Zaporojye AES-ə qarşı təxribatının qarşısını almağa çağıran məktub yayıb. 

Ukrayna Prezidenti Volodimir Zelenski iddia edir ki, Zaporojye AES Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nəzarətində olsa da, Rusiya obyekti zədələyə bilər. Ukrayna kəşfiyyatı isə Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasında (AES) terror aktı hazırladığını bildirib. Kəşfiyyatın bununla bağlı paylaşdığı xəritədə Zaporojye AES-in vurulacağı təqdirdə radiasiyanın yayılacağı ölkələr göstərilib. 

 

 

Mövzu ilə bağlı politoloq Natiq Miri İqtisadiyyat.az-a açıqlamasında bildirib ki, Rusiya tərəfi növbəti addım atmağa çalışsa da, bu, təhdid xarakterlidir:

"Rusiya Zaporojye vilayətini itirmək istəmir. Bu itki Krım sərhədində olan ən böyük şəhərlərin itirilməsi deməkdir. Rusiya Ukraynanı dayandırmaq istəyir. Atom Elektrik Stansiyasının partladılması Ukrayna və ona həmsərhəd olan ölkələri, Cənubi Qafqazı, hətta Azərbaycanı da nüvə sızıntısı ilə üz-üzə qoya bilər. Bu isə kütləvi qırğın deməkdir. Zaporojye AES-in partladılması təhlükəsi mövcuddur. Ona görə də dünya dövlətləri Rusiyaya qarşı birləşməlidir. Rusiya Zaporojye AES-i partlada bilər. Təhlükənin qarşısını almaq üçün Zaporojye AES ətrafında hərbi əməliyyatların keçirilməsinə imkan verilməməlidir. Ərazini uzun müddət mühasirədə saxlamaq lazımdır". 

 

 

Siyasi şərhçi Şahin Cəfərliyə görə, Rusiya və Ukrayna sadəcə Zaporojye AES-dən informasiya müharibəsində bir vasitə kimi istifadə edir:

"Rusiyadan hər cür pis əməl gözləməyə dəyər. Lakin Zaporojye AES-in partladılması elə də sadə məsələ deyil və ağır nəticələri ola bilər. Bu, insanlığa qarşı cinayət törətməkdir. Sadəcə olaraq bu məsələnin qabardılmasında tərəflərin öz maraqları var. Ukrayna ən azından Zaporojye AES üzərində beynəlxalq nəzarətə sahib olmaq istəyir. Qərb bu məsələdə Ukraynanı dəstəkləyir. Lakin Çin və Hindistanı Qərbin mövqeyinə yaxınlaşdırmağa ehtiyac var. Məhz buna görə Ukrayna məsələni sıx şəkildə qabardır. Artıq Çin Zaporojye AES və nüvə silahının tətbiqi ilə bağlı öz narahatlığını dilə gətirib. Rusiyanın məqsədi isə məsələdən şantaj vasitəsi kimi yararlanaraq Qərbin və dünya ictimiayyətinin Ukraynanın atəşi dayandırmasına vadar etməsidir. Nəticə etibarilə Rusiya və Ukrayna masada əyləşə bilsinlər. Çünki indiki məqamda atəşin dayandırılması Rusiyanın maraqlarına uyğundur. Ümumilikdə Zaporojye AES-in partladılacağına inanmıram. Rusiya o dərəcədə ağlını itirə bilməz. Hər halda təhlükə qalmaqdadır. Çünki Zaporojye ərazisində hərbi əməliyyatlar gedir. Əgər hərbi əməliyyat davam edərsə, hansısa raket və ya mərmi AES ərazisinə düşə bilər. Əslində Ukrayna həm də buna görə Zaporojye AES-in beynəlxalq nəzarətə verilməsini istəyir. AES-in partlaması nəticəsində yaranan radiasiya buludu Polşa, Ruminya, Macarıstan və Türkiyə ərazilərinə yayıla bilər. Bu isə NATO-nun Rusiyaya cavab verməsinə səbəb ola bilər". 

Zaporojye Atom Elektrik Stansiyasının (AES) partladılması fonunda radiasiyanın mümkün təsirlərinə toxunan kimya üzrə fəlsəfə doktoru, Radiasiya Problemləri İnstitutunun “Radiokimya” laboratoriyasının rəhbəri Xəqani Məmmədov isə qeyd edib ki, sözügedən partlayışdan hamı öz kiçik və ya böyük töhfəsini mütləq alacaq:

"Müqayisə üçün qeyd edim ki, eyni tipli layihə üzrə inşa edilmiş Çernobıl AES-in bütün 6 bloku deyil, yalnız ilk 4 bloku inşa edilərək işə salınmışdı. Qalan 2 blokun inşası hələ davam etdirilirdi, yəni içərisinə hələ nüvə yanacağı doldurulmamışdı. Zaporojye AES-in isə bütün 6 bloku tam inşa edilmiş və işlək vəziyyətdədir və Avropanın ən böyük AES-i sayılır. Ukrayna mənbələrinin və "Euronews" kanalının məlumatlarına görə, bu stansiyanın bütün reaktorları məsafədən partladılma üçün hazır vəziyyətə gətirilib. Bu partlayış baş verdiyi halda bu günədək ən böyük nüvə qəzası olacaq və indiki döyüş ərazisini yaşamaq üçün yararsız vəziyyətə gətirəcək. Bütün Avropa ölkələrində onun mənfi faktorları öz təsirini göstərəcək və izləri öz əks sədasını eşitdirəcək. 

Daha uzaq ölkələr, o cümlədən ölkəmizə təsirinə gəlincə, mürəkkəb maddələr, meqabiosenozların qarşılıqlı əlaqələrinin mövcudluğu, enerji və s. dövranı Yer planetində hamımızın bir gəmidə olmağımızı göstərir. Ona görə də bu cür düşünülməmiş hərəkətlər beynəlxalq terror hadisəsi kimi qiymətləndirilməli, qınanmalı və süni fəlakət kimi pislənməlidir". 

Gülşən Şərif