"Azərbaycanda taksi sayı kəskin azalacağı təqdirdə, bu, tariflərdə dəyişikliyə səbəb ola bilər".

Bunu İqtisadiyyat.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, təklif azalacaq, tələb isə artacaq: "Bu isə müəyyən mənada taksi qiymətlərində artıma gətirib çıxara bilər. Əgər ictimai nəqliyyatın digər seqmenti – avtobus və metro ilə bağlı ciddi işlər aparılmasa, ictimai nəqliyyat yenə də indiki kimi bir qədər əlçatan olmasa, insanlar daha çox fərdi avtomobillərə üstünlük verəcəklər. Nəticədə avtomobilləşmə daha da artacaq".

Qeyd edək ki, Nazirlər Kabineti ötən gün “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” müəyyənləşdirib. Tələblərə əsasən, Azərbaycanda buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi kimi fəaliyyət göstərə bilməyəcək. Bununla yanaşı, taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olmalı, onlarda nağdsız ödəniş üçün POS-terminal olmalı, bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları ən azı 1 ay müddətində saxlaya bilən yaddaş qurğusu ilə təchiz edilmiş videokameralar quraşdırılmalı, eləcə də ən azı “avro-5” ekoloji standartına uyğun olmalıdır.

Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər” 2024-cü il iyulun 1-dən qüvvəyə minəcək.

 

Sadiq Cavadov