Yay mövsümü olduğundan suya tələbat artır. Yeniyetmə və gənclər əsasən energetik, eyni zamanda qazlı sulara üstünlük verir. Hətta kiçik yaşda uşaqlara da qazlı su verildiyinin tez-tez şahidi oluruq. Halbuki mütəxəssislər bildirir ki,  gündə 1 şüşə qazlı su içmək xüsusilə uşaqlarda yaddaşın zəifləməsinə səbəb olur.

Ona görə də həkimlər valideynlərə uşaqların şirin, qazlı sulardan istifadə etməsini minimuma endirməyi məsləhət görürlər. O da məlumdur ki, əksərən bu cür içkilər plastik qablarda satılır. Halbuki çoxlarına məlumdur ki, uzun müddət plastik qablarda saxlanılan, istər qazlı, istərsə də qazsız sular qabın tərkibindəki kimyəvi elementlərlə reaksiyaya girir və bu da sağlamlıq üçün təhlükə deməkdir.

Aparılan laborator araşdırmalar göstərir ki, həddindən artıq şəkərli və qazlı su içənlərin qan təzyiqi çox vaxt yüksək olur, hətta insulta aparıb çıxara bilir. Üstəlik, qazlı su diabet xəstələrində şəkərin miqdarının artması təhlükəsi yaradır. Bu səbəbdən həkimlər bildirir ki, orqanizmin suya olan tələbatını ödəməyin ən yaxşı yolu adi, qatqısız və rəngsiz su içməkdir.

Ötən illərdə Britaniya Səhiyyə Nazirliyi valideynlərə müraciət edərək, uşaqlara qazlı su verilməməsi barədə xəbərdarlıq edib: “Uşaqlar yemək zamanı yalnız su və ya süd içə bilərlər. Şirin meyvə şirələri və ya qazlı sular uşaqlardan mümkün qədər uzaq tutulmalıdır. İmkan varsa, uşaqların şirin qazlı sular içmələrini ümumiyyətlə yasaqlayın. Övladlarınızın xəstə, ən qorxulu mərəzlərə düçar adama çevrilməsini istəmirsinizsə, onun qidalanmasına, nə yeyib-içdiyinə ciddi fikir verin”.

Britaniyalı mütəxəssislər bildirir ki, meyvə şirələrinin uşaqların orqanizmi üçün xeyirli olduğunu düşünən, bu şirələri vitamin və mikroelementlər mənbəyi sayan şəxslər yanılırlar. Meyvə şirələrinə aludə olan uşaqların orqanizmlərində şəkərin miqdarı da normadan minimum 40 faiz artıqdır. Bundan başqa, yemək zamanı meyvə şirələri və ya qazlı sular içən uşaqlarda sürətlə kökəlmə, piylənmə, izafi çəki artımı, 2-ci tip şəkərli diabet, ürək-damar sistemində fəsadlar və ağır ürək çatışmazlıqları yaranır.

Oksford Universitetinin də alimlər vaxtaşırı xəbərdarlıq edirlər ki, uşaqlara heç bir halda şirinləşdirilmiş və ya qazlı içkilər, “təbii” meyvə şirələri vermək olmaz.

Mövzu ilə bağlı həkim Vaqif Qarayev “Yeni Müsavat”a danışdı: “Qazlı və rəngli içkilər birmənalı olaraq uşaqlara ziyandır. Bunun altından qırmızı xətt çəkib deyirəm ki, uşaqlara adi su vermək lazımdır. Orqanizmdə su-duz balansı olmalıdır. Üstəlik, qazlı və rəngli sularda keyfiyyət adlı bir şey yoxdur. Xüsusən də şəkər uşaq orqanizmi üçün kifayət qədər ziyandır, mədəaltı vəzin fəaliyyətinə zərər vurur. Ümumiyyətlə, istər evdə hazırlanan, istərsə də zavod istehsalı olan şirin sular uşaqlara ziyandır. Tez-tez ictimai yerlərdə kiminsə əlində qazlı və yaxud rəngli su görürük, hətta içdiklərinin şəklini sosial şəbəkədə də paylaşırlar. Amma anlamalıdırlar ki, rəngli və qazlı sular nəinki susuzluğu yatırmır, həm də orqanizmdə su-duz balansını pozur, faydalı olmaqdansa, sağlamlığımıza əlavə olaraq ziyan verir. Beləliklə, həm uşaqlar, həm də böyüklər adi suya üstünlük verməlidir”.

Qeyd edək ki, istər yay, istərsə də qış mövsümündə ölkəmizdə içilən ən populyar içkilərdən biri də çaydır. Bəs yayda çay içməyin hansısa zərəri varmı?

Mütəxəssislər də bildirir ki, ətirli çay yorğunluğu çıxarmaqla yanaşı, həm də sağlamlıq üçün faydalıdır. Ancaq çay qaynar içildikdə orqanizmə faydadan çox ziyan verir. Üstəlik, əgər həmin qaynar çay tünddürsə, onun zərəri ikiqat artır. Qaynar çay təkcə boğazı deyil, həm də qida borusunu, mədənin divarlarını qıcıqlandırır. Bununla da uzun müddət qaynar çay içən insanlarda ciddi xəstəliklərin yaranması ehtimalı artır.

Alimlərin gəldiyi nəticəyə görə, 62 dərəcədən yuxarı temperaturda olan çayı içmək mədə-bağırsaq sistemində ciddi xəstəliklərə səbəb olur. Çayın içilməsi üçün onun temperaturu maksimum 56 dərəcə olmalıdır. İsti çay qida borusunda xərçəng xəstəliyinin yaranma riskini artırır.

Tünd çay içmək həvəsindən də imtina etmək lazımdır. Çünki tünd çayın tərkibində kofein və tanin daha çox olduğuna görə bu baş ağrılarına və yuxusuzluğa səbəb ola bilər. Tövsiyə olunur ki, axşamdan qalan çay içilməsin. Çünki bir neçə saat əvvəl dəmlənmiş çayın tərkibində orqanizmə fayda verəcək heç nə qalmır. Əksinə, köhnə çayın tərkibində sağlamlıq üçün təhlükə yaradan maddələr əmələ gəlir. Yeməkdən dərhal sonra çay içmək də zərərdir. Ona görə ki, yeməkdən sonra çay mədə şirəsinin ifrazını kəskin şəkildə azaldır və bunun nəticəsində həzm prosesi çətinləşir. Ən azı, yeməkdən 20-30 dəqiqə sonra çay içmək məsləhət görülür.

Gün ərzində 4-6 fincandan artıq çay içmək də tövsiyə edilmir. Buna görə də çayın su ilə əvəz edilməsi məsləhət görülür. 

Həkim Vaqif Qarayev də qeyd etdi ki, istifadə edilən çayın keyfiyyətinə diqqət etmək lazımdır: “Çayı təkcə azərbaycanlılar deyil, dünya xalqları da içir. Lakin son vaxtlar bizdə çayı sanki müqəddəsləşdiriblər. Gələn qonağa ilk növbədə çay verilir, bu zaman onun rənginə və keyfiyyətinə diqqət edilir. Lakin tibbi baxımdan çaya son yanaşma bundan ibarətdir ki, çay bir qədər ilıq içilməli, tünd olmamalıdır. Və ən əsası onun keyfiyyətinə diqqət edilməlidir. Çünki çayın tərkibinə vurulan qatqılar sonradan mədə-bağırsaqda toplanır və orqanizmə ziyan vurur”.

Bəs qara, yoxsa yaşıl çay?

Mütəxəssislər bildirir ki, qara çay xüsusi şəraitdə qurudulur ki, nəticədə onun tərkibi bir qədər dəyişilir. Yaşıl çay xüsusi emala məruz qalmır. Hansının daha çox faydalı olmasına gəldikdə isə, bildirilir ki, yaşıl çayda kofein maddəsi qara çayla müqayisədə daha çoxdur. Kofein çox faydalı maddədir. Kofein beyində amiloid zülalın yaranmasının qarşısını alır. Bu zülal beyində toplanaraq beyinin fəaliyyətini pozur, qocalıq, ağıl zəifliyinin inkişafına səbəb olur. Lakin kofeindən sui-istifadə ürəyə ziyan vura bilər.

Həmçinin yaşıl çayın tərkibində fol turşusu qara çayla müqayisədə daha çoxdur. Fol turşusu (B9 vitamini) qanyaratma proseslərində iştirak edir. Həmçinin fol turşusu damarlarda trombların əmələ gəlməsinin qarşısını alır. Qara çay isə katexin maddələri ilə daha zəngindir. Bu maddələr çaya xərçəng əleyhinə xüsusiyyətləri bəxş edir. Həmçinin qara çayda yaşıl çayla müqayisədə polişəkərlər daha çoxdur. Polişəkərlər qanda qlükozanın səviyyəsini tənzimləyir ki, nəticədə insan özünü daha uzun müddət ərzində tox hiss edir. Bu isə artıq çəkidən azad edir.