Vergi və gömrük orqanları tərəfindən üçüncü şəxslər üçün mallar idxal edən vergi ödəyicilərinin müəyyən edilməsi və qanunvericilikdə nəzərdə tutulmuş formada mal sahiblərinə təqdim olunması istiqamətində birgə nəzarət tədbirlərindən biri də “İSEL A” MMC-də həyata keçirilib.

Bununla bağlı aparılmış araşdırma ilə müəyyən edilib ki, şirkətin ona məxsus olduğu iddia etdiyi mallar Quliyev Famil Faiq oğlunun əvvəlcədən sifarişi əsasında gətirilsə də, bununla bağlı ona heç bir qanuni sənəd təqdim edilmir. Famil Quliyev Dövlət Vergi Xidmətinə müraciət edərək “Sədərək” ticarət mərkəzində fəaliyyət göstərdiyini, həmin malların onun üçün gətirildiyini, lakin dəfələrlə tələb etməsinə baxmayaraq, MMC tərəfindən ona heç bir sənəd verilmədiyini bildirib və bununla bağlı kömək göstərilməsini xahiş edib.

Araşdırma nəticəsində “İSEL A” MMC-nin təsisçisinə məxsus digər MMC-də aparılmış operativ vergi nəzarəti zamanı cəmiyyətə məxsus təsərrüfat subyektlərinin formal olaraq qeydiyyata alındığı və əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparıldığı aşkar olunub.

Faktla bağlı müvafiq araşdırmalar davam edir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsi bir daha bildirir ki,  idxal olunan malların üçüncü şəxslərə sənədsiz təhvil verilməsinə, saxlanılacağı təsərrüfat subyektlərinin düzgün göstərilməməsinə yol verilmir və bu kimi halların qarşısının alınması istiqamətində aidiyyəti orqanların birgə fəaliyyəti bundan sonra da davam etdiriləcək.