İyunun 28-də Türkmənistanın Axal vilayətində təbii qazdan benzin istehsalı üzrə zavodun açılışı olub.

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov açılış mərasimində iştirak edib. O, Türkmənistanın nəhəng təbii ehtiyatlarından danışıb, bu ehtiyatlardan ölkənin inkişafı və xalqın rifahı naminə bacarıqla və səmərəli istifadə olunmasının, ölkə iqtisadiyyatına yatırılan xarici investisiyaların çoxalmasının zəruriliyini vurğulayıb.

Türkmənistan Prezidenti Yaponiya və Türkiyədən olan tərəfdaşlara zavodun tikintisi ilə bağlı təşəkkür edərək deyib ki, dünya şöhrətli istehsalçıların müasir avadanlığı və qabaqcıl texnologiyaları ilə təchiz olunmuş müəssisə bir çox parametrlərə görə unikaldır. Dünya praktikasında ilk dəfə burada təbii qazdan sintetik avtomobil yanacağının istehsalı sənaye miqyasında həyata keçiriləcək.

Zavodun layihə gücü il ərzində “Euro-5” standartı üzrə ekoloji tələblərə uyğun 600 min ton benzin, habelə 12 min ton təmizlənmiş dizel yanacağı və 115 min ton maye qazdır. Hər il müəssisədə 1 milyard 785 milyon kubmetr qaz emal olunacaq.

Bu irimiqyaslı investisiya layihəsinin həyata keçirilməsi ölkənin neft-qaz kompleksinin ixrac potensialının şaxələndirilməsində və möhkələndirilməsində böyük rol oynayacaq. Bundan əlavə, qabaqcıl texnologiyaların, müasir elmi-texniki layihələrin İES-də geniş tətbiqi ətraf mühitin mühafizəsi istiqamətində məsələlərin həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı bu texnoloji siklin işlənib hazırlanmasına görə alimlərə təşəkkür edərək bildirib ki, zavodun işə salınması sayəsində 800 iş yeri açılıb.

Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Yesixiko İsodzaki Yaponiyanın Baş Naziri Sindzo Abenin təbrik məktubunu oxuyub. Nazir bildirib ki, Yaponiya Türkmənistan iqtisadiyyatının şaxələndirilməsinə böyük töhfə verir.

Sonra zavoda sertifikatların verilməsi mərasimi keçirilib. Zavod Ginnes Fondunun “təbii qazdan benzin istehsalı üzrə dünyada ilk zavod”, Amerika Ətraf Mühitin Mühafizəsi Fondunun “Ekoloji təmiz məhsul”, İsveçrə Federal Texnologiya İnstitutunun “İnnovativ texnologiyalar” sertifikatlarına layiq görülüb.(azərtac)