Son bir həftə ərzində demək olar ki, hər gün biçilmiş və ya biçilməmiş taxıl sahələrinin yanması barədə mediada məlumatlara rast gəlirik. Təkcə bu gün və dünən Füzuli, Samux, Şamaxı və Ağcabədi rayonlarında biçilmiş və biçilməmiş taxıl hektarları yanıb. Samuxda 10 hektar biçilməmiş, 2 hektar biçilmiş, Füzulidə isə 2.5 hektar biçilməmiş sahə yanıb. Şamaxıda isə 2 min hektar sahə yanıb. Ağcabədinin Xocavənd kənd sakininə məxsus olan 1 hektar biçinə hazır sahə yanıb.

Göründüyü kimi, yanğınlar təkcə biçilmiş sahələrdə deyil, həmçinin biçinə hazır olan sahələrdə qeydə alınır. Bu da idxalat hesabına tələbatı ödəyən ölkə üçün məlumdur ki, mənfi təsir bağışlayır. Düzdür, biçilmiş sahənin növbəti əkin üçün yandırılması ənənəsi mövcuddur. Bəs bu ənənə torpağa hansı ziyan verir? Aqronom Vüsal Hacıyev İqtisadiyyat.Az-a açıqlama verərkən, sahənin yandırılmasının ziyanlarından danışıb və bundan imtina etməyə səsləyib:

“Mən və ölkənin bütün aqronomları, mütəxəssisləri ümumiyyətlə taxıl sahəsinin biçiləndən sonra yandırılmasına “yox” deyirik. Çünki bu torpağı inkişafdan geri salan bir prosesdir. Torpağın yandırılması “hums” qatında uzun müddət formalaşmış mühitin dağılmasına səbəb olur, üst münbit qat erroziyaya uğrayır. Bundan əlavə torpaqdakı qida elementləri parçalanır və lazımsız formalara çevrilir. Taxıl zəmilərinin yandırılması torpağın münbitliyini məhv etməkdən əlavə, ekologiyanı korlayır, nəsli kəsilməkdə olan heyvanları öldürür, ən əsası da biçilməmiş taxıl sahələrinə keçərək onu da yandırır. Hansı cəhətdən baxsaq biçilmiş sahələrin yandırılması torpağa 100%-lik ziyandır və bundan imtina edilməlidir”.

Təhlükəsizlik qaydalarına riayət edilməməsini əsas gətirən Vüsal Hacıyev açıqlamasına bu cür davam edib: “Sahə yandırılarkən orada traktor olmalıdır ki, bir miqdar torpaq atmaqla alovun biçilməmiş sahəyə keçməsinin qarşısını alsın. Regional Aqrar İnkişaf Mərkəzləri güclü fəaliyyət göstərir, maarifləndirmə işləri aparır. Regional İnkişaf Mərkəzinin işçilərigedib sahədə keşik çəkməli deyil ki?! Əkin sahəsinin məxsus olduğu hər bir şirkətin, holdinqin işçiləri var, onlar nəzarət etməlidir. Sahibkar tərəfindən yandırılmasıxaric, məsələn, turistlərin piknik edərkən ocaq qalamaları, işçilərin təhlükəsizliyə riayət etməmələri, siqareti söndürməmiş sahəyə yaxın tullamaq və.s yanğınlara səbəb olur. Bütün bunlar üçün istər KTN-nin tərkibində olan Elmi-tədqiqat institutları, istərsə də Regional İnkişaf Mərkəzlərinin maarifləndirmə işləri yetərincədir. Ancaq yenə də yanğınlar baş verirsə, bunun səbəbləri araşdırılmalıdır”.

Uzun müddətdir bununla bağlı maarifləndirmə işləri aparıldığını və taxıl istehsalında iştirak edən hər kəsin ehtiyatlı olmasını deyən aqronom, açıqlamasını bu cür yekunlaşdırıb: “Sonda yekun olaraq deyə bilərəm ki, istər biçilmiş, istər biçilməmiş sahələrin yanmasının məsuliyyəti əkinçilərin üzərinə düşür. Onlar deyə bilməz ki, biz bilmirdik yandırmaq olar ya yox. Çünki artıq 3 ildir telekanallarda, sosial şəbəkələrdə, debatlarda, KTN ayrı-ayrı mərkəzlərində deyilir ki, taxıl sahələrini yandırmayın. İndi müasir kombaynlar var ki, sahələrdəki saman qalıqlarını xırdalayır. O, xırdalanıb torpağa qarışır. Bu da torpaqdan çıxan qida maddələrinin bir hissəsinin yenidən torpağa qayıtması deməkdir. Yandırmamaq bu qədər xeyirli olduğu halda niyə biz zərərli addım atırıq? Nəyə görə uzun müddət zəhmətlə ərsəyə gətirdiyimiz məhsulun yanmasının qarşısını ala bilmirik? Toxum səpənindən kombayn sürəninə qədər hamıdan xahiş etmək lazımdır ki, təhlükəsizlik qaydalarına riayət etsin”.

Mehman Nəbiyev