Geridə qoyduğumuz iki həftə ərzində hər gün ayrı-ayrı bölgələrimizdə taxıl sahələrinin yanması ilə bağlı mediada məlumatlar yayımlandı. Bu il ərzində Şamaxı rayonunun Göylər kənd ərazisində 60 hektar, Çöl Göylər kənd ərazisində 7 hektar, Samux rayonunun Lək kəndində 2 hektar, Cəlilabad rayonunda 1 hektar, Ağcabədi rayonunun Xocavənd kəndində 1 hektar, Yevlax rayonunun Aran qəsəbəsində 0,07 hektar, Füzuli rayonunda 2,5 hektar, Xaçmaz rayonunun Niyazoba kənd ərazisində 1 hektar, o cümlədən, Kürdəmir rayonunun Yenikənd ərazisində və bir çox başqa bölgələrimizdə taxıl səhələrinin yandığı bildirilir. Ən pisi də odur ki, yanan ərazilərin arasında biçilməmiş taxıl sahələrinin ölçüsü az deyil. Strateji əhəmiyyət daşıyan məhsulun yanğın təhlükəsizliyi daim diqqət mərkəzində olmalı olduğu halda, hələ də bu sahəyə kifayət qədər diqqət ayrılmır. Hesablamalara görə, 1 hektar taxıl ərazisinin yanması nəticəsində təsərrüfatçıya təxminən 700-1000 manat zərər dəyir. Bəs tələbatı əsasən idxaldan asılı olan ölkə üçün bu qədər taxıl sahəsinin yanması yerli məhsuldarlığın artırılmasına nə qədər ziyan vurur? İqtisadçı ekspert Vüsalə Əhmədovanın İqtisadiyyat.Az-a verdiyi açıqlamada, yanğınlar səbəbilə növbəti il əkilən taxılın keyfiyyətinin və məhsuldarlığının aşağı düşdüyün bildirib:

“Dövlət Gömrük Komitəsinin məlumatlarına əsaslansaq, ilin birinci rübündə ölkəyə 518 min 704,31 ton buğda gətirilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 27,5% çoxdur. Kənd Təsərrüfatı Nazirliyi hər il taxıla olan təlabatın yerli istehsal hesabına ödəniləcəyini vəd etsə də, reallıq tam əksini göstərir. Taxıl idxalımız ildən ilə artır. Azərbaycan əhalisinin illik ərzaq buğdasına olan tələbatı təxminən 1,7 milyon tondur ki, biz bu miqdarı tam olaraq yerli istehsal hesabına ödəyə bilmirik. Məhz, yanğınlar səbəbilə həmin ərazilərdə növbəti il əkilən məhsulun keyfiyyəti də, məhsuldarlığı da aşağı olur. Məlumdur ki, ölkənin iri un istehsalçıları, dəyirmanlar daha çox idxal taxılına üstünlük verirlər. Dövlət Taxıl Fondu da əsasən idxal məhsuluna üstünlük verir. Belə ki, “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsinə görə, Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş keyfiyyət göstəricilərinə cavab verən buğda alınır. Bu da dolayısıyla yerli istehsalın keyfiyyət göstəricilərinin aşağı olmasından xəbər verir. Bundan əlavə, şoranlaşmış ərazilərdə yetişdirilən buğdanın keyfiyyət göstəriciləri normativlərə uyğun gəlmir. Xəstəlik və zərərvericilər, toxumluq buğdanın keyfiyyətinin aşağı olması, gübrə, texnika və anbar çatışmazlığı, suvarma suyu təminatında yaranan problemlər də istehsalın aşağı düşməsinə səbəb olan faktorlardır. Ölkəmizin taxıl istehsalını iqtisadi cəhətdən də effektli hesab etmək olmaz. Primitiv istehsal forması ilə uzağa getmək mümkün deyil. Bu səbəbdən də, ölkədə istehsal olunan məhsulun maya dəyəri yüksək, rentabelliyi isə aşağı olur. “The Economist Intelligence Unit” beynəlxalq təşkilatının ərzaq təhlükəsizliyinə dair illik hesabatında Azərbaycan dünyanın 109 ölkəsi arasında 62-ci yeri tutur. Ərzaq təhlükəsizliyi baxımından ən strateji sahə isə taxılçılıqdır. Düşünməyə dəyər...”.

Biçilməmiş sahələrin yanması nəticəsində yaranan problemlərdən biri də sahibkarın çəkdiyi ziyandır. Belə ki, qeyd etdiyimiz kimi, sahibkar 1 hektar taxıl sahəsinin yanmasından 700-1000 manat ziyan görür. Məsələ barədə İqtisadiyyat.Az-a danışan sığorta eksperti İlkin İbrahimov, yaxın zamanlarda aqrar sığorta haqqında qanunun qəbul ediləcəyini bildirib:

“Aqrar sığorta qanununun qəbul edilməsi kənd təsərrüfatı sığortası üçün vacib məqamlardandır. Dünya sığorta məhsulları içərisində aqrar sığorta daha çox riskli qeyd edilir. Sığorta şirkətləri də bu növ məhsulların riskli olmasını əsas gətirərək ondan imtina edirlər. Ötən ildən başlayaraq Kənd təsərrüfatı nazirliyi və Maliyyə Palatasının birgə təşəbbüsü ilə aqrar sığortanın yeni inkişaf konsepsiyası yaranıb və bu konsepsiyaya əsasən sığorta haqqının 50% ni dövlət, digərini sığortalı verməklə aqrar sığorta məhsullarının xidmətinin yaranması nəzərdə tutulur. Bu barədə xüsusi qanunun qəbulu yekunlaşmaq üzrədir. Həmin qanuna əsasən sığorta hadisəsi kimi təbii fəlakətlər, dolu, leysan, ildırım çaxması nəticəsində baş verən yanğın, 3 cü şəxslərin qərəzli hərəkəti və.s nəzərdə tutulması ehtimal edilir. O zaman taxıl zəmilərinin biçilməmiş yanması riski də sığorta hadisələrinə daxil ola biləcək və bununla bağlı kompensasiya alına biləcək”.

Mehman Nəbiyev