"Qızılca çox yoluxucu xəstəlik olduğuna görə idarə olunması da çətindir".

İqtisadiyyat.az xəbər verir ki, bunu tanınmış həkim-pediatr Əli Quliyev deyib.

Onun sözlərinə görə, qızılcalı xəstələrin səpkiləri ortaya çıxmadan xəstəliyi müəyyən etmək olmur. Çünki qızılca adətən qrip şəklində başlayır.

Uşaqların vaxtında peyvəndlənməsinin zərurliyini vurğulayan həkim deyib ki, pandemiya dövründə qapanmalarla əlaqədar insanların poliklinkalara gedə bilməməsi peyvəndlənmədə axsamalara səbəb olub. Nəticədə uşaqlar da qızılca peyvəndindən kənar qalıblar və buna görə də bu gün qızılca sürətlə yayılmaqdadır.

Ə.Quliyev vurğulayıb ki, böyüklər üçün qızılca peyvəndinin yaş limiti olmasa da, uşaqlara 1 və 6 yaşda vurulmalıdır:

"Peyvəndin ilk dozunun qoruculuq qabiliyyəti 95 faizdir. Yəni 100 uşağa peyvənd vurulubsa, onların 95 nəfəri xəstəlikdən qorunur. Digər 5 nəfərin qorunması üçün də ikinci doz peyvənd vurulur. Bu peyvəndi 4-6 yaş aralığında vurdurmaq tövsiyə olunur. Xəstəliyin yayıldığı dövrdə ikinci doz qızılca peyvəndi daha erkən vurula bilər. İlk peyvənddən 4 həftə keçibsə, artıq ikinci doz tətbiq oluna bilər. Ümumilikdə dünyada satılan peyvəndlərin çoxunda yaş limiti qoyulmur".

Gülşən Şərif