İqtisadiyyat.Az Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən “Star Rafineri” neft emalı zavodunun baş direktoru Mesut İlterin APA-ya müsahibəsisini təqdim edir.

- “Star Rafineri” neft emalı zavodu (NEZ) artıq fəaliyyətdədir və Türkiyənin neft məhsullarında olan ehtiyacını ödənilməsinə öz töhfəsini verir. Ümumiyyətlə, bu il müəssisə nə qədər neft emal edəcək? İndiyə qədər zavod hansı həcmdə neft emal edib? İlin sonuna kimi NEZ hansı növ və hansı həcmdə neft məhsulları istehsal etməyə planlaşdırır?

- Bildiyiniz kimi, “Star Rafineri” zavodu “SOCAR Turkey”in Əliağa yarımadasında yeni təsis etdiyi müəssisələrdən biridir. Müəssisə 19 oktyabr 2018-ci il tarixində iki ölkə başçısının açılışı ilə fəaliyyətə başlayıb. Zavodun istehsal sahələri mərhələli şəkildə istifadəyə verildi. 2019-cu ilin yanvarında “Petkim” şirkəti üçün ilk naftanı, fevral ayından etibarən isə təyyarə yanacağın və dizelin istehsalına başladıq. Hazırda bizim bütün istehsal sahələrimiz işlək vəziyyətdədir.

Zavod ildə 10 mln. ton xam neft emal gücünə malikdir. Əsas məhsullarını dizel yanacağı (5 mln. tona yaxın), təyyarə yanacağı (1,5 mln. ton), nafta (1,5 mln. ton), reformat (1 mln yaxın) və kükürd, maye neft qazı, neft koksu və sair neft məhsullarıdır təşkil edir. Bu il zavodda 8 mln. ton neftin emalı nəzərdə tutulub. Bu ana kimi də NEZ artıq 2 mln. tona yaxın neft emal edib. Bu ilin sonunadək müəssisə 4 mln. ton dizel, 1 mln. tona yaxın təyyarə yanacağı, 1 mln. ton nafta, 700 min ton reformat istehsal etməyə planlaşdırır. Bu ilə olan məqsədimiz budur. Lakin 2020-ci ildən etibarən STAR ildə 10 mln. ton neft emal edəcək.

- “Star” artıq tam gücünə çıxa bilib?

- Bəli, hazırda neft emalı zavodu tam gücü ilə çalışır. Əsas məqsəd də Türkiyənin idxal etdiyi məhsul növlərini istehsal etmək və daxili tələbatı ödəməkdir.

- Hazırda “Star” neft emalı zavodu neft və neft məhsullarını saxlama gücünün artırılması üzərində çalışır. Bu işlərin nəticəsi kimi, saxlama həcmlərinin hansı səviyyəyə çatdırılması planlaşdırılır? Saxlama güclərinin artırılması prosesi tam nə zaman bitəcək?

- STAR zavodunun əməliyyat qabiliyyətini artırmaq, həmçinin neft və neft məhsullarını saxlama gücünün yüksəltmək üçün investisiyalar nəzərdə tutulub. Bu istiqamətdə  investisiyaların qoyulması prosesi davam edir. İnvestisiyaların önəmli bir hissəsi bu il yerinə yetiriləcək. Tam proses isə 2020-ci ildə yekunlaşacaq.

STAR neft emalı zavodunun tikintisi layihəsinin ümumi dəyəri 6,3 mlrd. ABŞ dolları təşkil edir. Əlavə investisiyalar isə 700 mln. dollara yaxındı. Göründüyü kimi, ümumi xərclər 7 mlrd. dollara yaxın olacaq.

Hazırda “Star”ın neft və neft məhsullarını saxlama gücü 1,6 mln. kubmetr təşkil edir. İnvestisiyaların nəticəsi kimi, bu həcmin 2,5 mln. kubmetrə qədər artımı nəzərdə tutulur. 

- STAR zavodu 100 növə yaxın nefti emal etmək üçün dizayn edilib. Hazırda NEZ hansı markalı nefti emal edir?

Başlanğıcda NEZ yalnız Urals markalı nefti emal edirdi. Hazırda müəssisə fərqli neft markalarının emalını həyata keçirir. STAR dünyada ən qabaqcıl və modern neft emalı zavodlarından biridir və bu da ən mürəkkəb neft növlərini emal edərək yüksək keyfiyyətli neft məsullarını istehsal etməyə imkan verir.

- “Star Rafineri” və “Petkim” neft kimya kompleksinə inteqrasiya olunmuş şirkətlərdir. Bu inteqrasiya nə kimi imkanlar yaradır və hansı perspektivləri açır?

- Dünyada olan örnəklərə baxanda neft emalı zavodları və neft kimya kompleksləri inteqrasiya olunmuş vəziyyətdə çalışır. Türkiyədə bu inteqrasiyanı məhz SOCAR gerçəkləşdirib. Bunun da çox ciddi üstünlükləri var, xüsusi ilə “Petkim” neft kompleksi üçün. “Petkim” xam maddəsini xaricdən alırdı, lakin “Star”ın istifadəyə verilməsindən sonra kompleksin ehtiyacları tam daxildə istehsal edilən məhsul ilə ödəniləcək. Yəni,  kompleksin xam maddəsi ilə təminatında heç bir problem olmayacaq. “Petkim”ə bu inteqrasiya böyük bir iqtisadi üstünlüklər verəcək. “Star”ın Türkiyə iqtisadiyyatına qatqısı ölkənin xarici ticarətinin kəsirini 1,5 mlrd. dollar azaltmaqdan ibarət olacaq. Bundan başqa, NEZ-in tikintisi və istifadəyə verilməsi əlavə iş yerləri deməkdir.

- “Star” daxili bazarın tələbatını ödəməklə yanaşı həmdə öz məsullarını xaricə də ixrac edir. İstehsal edilən məhsulların neçə faizi ixrac üçün nəzərdə tutulub?

- Öncə qeyd etdiyim kimi, “Star”ın əsas məqsədlərindən biri daxili bazarın tələbatını ödəmək və ölkənin ixracatdan olan asılılığı azaltmaqdır. İstehsal etdiyimiz neft məhsullarından biri – reformat ksilen qarışığı ixrac ediləcək. Amma hazırda SOCAR şirkəti BP ilə birlikdə yeni bir layihə həyata keçirməyə çalışır. Söhbət yeni neft-kimya kompleksinin (aromatiklər və saf tereftal turşusu müəssisələri) tikintisindən gedir.

Əslində, yeni layihənin başlanılması planları məs reformat ksilen qarışığının istehsalına bağlıdır. Layihə tamamlananadək bu maddəni ixrac edəcəyik. İşlər bitəndən sonra isə bu neft məhsulu ölkə daxilində istifadə ediləcək və “Star” ölkə kənarına heç bir məhsul növü ixrac etməyəcək.

Buna baxmayaraq, hazırda zavod başqa neft məhsullarını da ixrac edir. Bu, onunla bağlıdır ki, biz məhsullarımızı yerli bazaya mərhələli olaraq daxil etməyə davam edirik.  Bu il ixracımız emal edilməyə nəzərdə tutan 8 mln. tonun təxminən 15%-i (təxminən 1 mln. ton) təşkil edəcək. İstehsal edilən məhsulların qalan hissəsi isə daxili bazarın ehtiyaclarının təmin edilməsinə yönəldiləcək.

- Yeni kompleksin tikintisi nə zaman start verilə bilər?

- Hazırda bu layihə üzrə ön mühəndislik işləri aparılır. Düşünürəm ki, gələn il artıq tikinti işlərinə start veriləcək və 2023-cü ildə yeni kompleks öz işinə başlaya bilər.

- “Star” İstanbul Yeni Hava Limanına təyyarə yanacaqla təmin edəcək. NEZ ildə yeni hava limanına hansı həcmdə yanacaq çatdıracaq?

- “Star”ın təyyarə yanacağının istehsal gücü 1,5 mln. tondur. Ötən il Türkiyənin bu məhsul üzrə istehlakı 5 mln. ton təşkil edib. Biz hesab edirik ki, İstanbul Yeni Hava Limanı istismara verildikdən və onun tam gücünə çıxdıqdan sonra ölkədə təyyarə yanacağının istehlakı 6,5-7 mln. tona çatacaq. Belə şəraitdə Türkiyə bu növ məhsulu idxal etməyəcək və “Star”da istehsal edilən bütün təyyarə yanacağı ölkədə istifadə ediləcək. Bizim , İstanbul Yeni Hava Limanı ilə artıq anlaşmamız da mövcuddur. "SOCAR Turkey" İstanbulun yeni hava limanına təyyarə yanacağının əsas tədarükçülərindən biri kimi tenderin qalibi olub, yeni hava limanına ildə 700 min ton yanacaq çatdırılacaq.