Rəqəmsal transformasiya anlayışı günümüzə hakim olacaq.

Bunu "Finans.az"a müsahibəsində innovasiya texnologiyalarının və proseslərinin öyrənilməsi, yaradılması, tətbiqi və tədrisi kimi işlərdə 10 ilə yaxın peşəkar təcrübəyə malik olan Şəbnəm Məmmədova bildirib.

Müsahibənin tam mətnini diqqətinizə çatdırırıq:

- Son zamanlar “rəqəmsal transformasiya” və ya “digital transformasiya” ifadəsinə tez-tez rast gəlirik. Bu anlayış özündə nələri əks etdirir?

- Bu ifadə ilə bağlı davamlı suallar eşidirəm. Hiss edirəm ki, ölkəmizdə bu mövzuya diqqət artıb.

Heç kimə sirr deyil ki, dünyamız yeni anlayışlar və proseslər üzərində inkişaf edir. Ölkələrin, xalqların inkişafı onların texnologiya və innovasiyaları gündəlik həyata gətirməsi ilə birbaşa bağlıdır. Dünyanın gələcək taleyi belə bu tip texnologiyanın günümüzə necə sirayət etməsi ilə ölçülür. Biznes və təşkilatlar da bu proseslərdən kənarda qala bilməz.

Rəqəmsal transformasiya - təşkilatın ana dəyəri və məqsədləri əsasında yeni texnologiyanın tətbiqi ilə biznesin transformasiyasıdır.

Bəlkə heç rəqəmsal transformasiya bizə lazım deyil?!

Rəqəmsal transformasiyanın məqsədi rəqabətliliyi və gəlirliliyi təmin etməkdir.

- Bəs transformasiya işgüzar mühitə nə gətirir?

- Bu, rəqəmsal transformasiyanı hədəfləmiş bütün təşkilat və biznes rəhbərlərinin verdiyi sualdır. Transformasiya hər hansı bir qurumun biznes dünyasında rəqabət qabiliyyətini artırır, xərcləri optimallaşdırır və ya azaldır. Transformasiyanın gətirdiyi əsas dəyər məhsul və xidmətlərin keyfiyyətinin artırılması, effektivliyin çoxalmasıdır. Bu yaxınlarda Big4 üzrə konsaltinq şirkətlərinin birinin açıqladığı analitik hesabatda qeyd edilir ki, rəqəmsal transformasiyanı aparan şirkətlərin 61%-nin bazarda rəqabətlilik göstəricisi xeyli yüksəlib.

- O zaman bu cür transformasiya üçün əsas amillər hansılardır?

- Rəqəmsal transformasiya prosesinə başlayan şirkət və təşkilatlar bir neçə mühüm amilə diqqət yetirməlidir.

İlk növbədə aydın strategiya olmalıdır. Rəqəmli transformasiyanı qarşısına məqsəd qoyan biznes subyektləri bilməlidir ki, hara və nəyə doğru addım atır. Bunun üçün isə mütləq təşkilatın hədəfləri və ona yönəlmiş strategiyası olmalıdır. Eyni zamanda, qurumun resursları bu prosesdə analiz olunmalıdır.

İkinci əsas şərt rəqəmsal yetkinlikdir. Hazırda ölkəmizdə ən ciddi formada üzərində hədəflənməli məsələlərdən biri məhz bu amildir. Rəqəmsal yetkinlik və hazırlıq olmadan təşkilatlar istədikləri göstəriciləri ala bilməyəcəklər. Çünki bütün məsələlər insan amilinə söykənir. Belə deyək, siz çox böyük viziona malik şirkətsiniz. Əla hədəfləriniz var. Ən yaxşı mütəxəssislərin hazırladığı strategiyaya sahibsiniz. Lakin prosesləri hansı formada aparmağı bilməyən komandaya sahibsiniz. Təbii ki, istədiyiniz nəticəni hədəflədiyiniz müddətə ala bilməyəcəksiniz. Bu prosesdə bəlkə də işin yarısı rəqəmsal yetkinliyi yaratmağa bağlıdır.

- Rəqəmsal yetkinlik deyildikdə nə nəzərdə tutulur?

- Buna rəqəmsallaşma prosesində lazım olan bilik, vərdiş və bacarıqların toplusu kimi baxmaq olar.

Transformasiya prosesində komanda üzvlərilə yanaşı müştəriləri hazırlamalısınız. Burada rəqəmsal yetkinlik həm də müştərilərinizi əhatə edir. Əgər onlar sizin bir məhsulunuzu innovativ vərdişləri və bacarıqları zəif olduğuna görə tam anlamırsa, onda yeni növ məhsullarınızın bazarda istehlakı istədiyiniz səviyyədə olmaya bilər.

Bəlkə heç rəqəmsal transformasiya bizə lazım deyil?!

Transformasiya prosesində digər mühüm amil proseslərin optimallaşmasıdır. Fiziki müstəvidə prosesləri analiz edib onları daha əlçatan, daha az xərclərə dayanan və daha optimal etmək şirkət üçün əsas məqsədlərdən olmalıdır. Hazırda dünyada fiziki formada ofisləri olmayan biznes qurumları çoxalır. Səbəbi çox sadədir. Onlar müştərilərin istək və ehtiyaclarını analiz edir, biznes proseslərini ona uyğunlaşdırmağı əsas məqsədə çevirirlər.

- Bəs bizim şirkətlər bu prosesdə hansı yerə sahibdir?

- Bütün ölkədə kütləvi şəkildə rəqəmsallaşma və transformasiya yolunda addımlar atılır. Rəhbərlər anlamağa başlayıb ki, innovasiyanın tətbiqi, rəqəmli transformasiya şirkətin gələcəkdə mövcud olub-olmaması məsələsinə birbaşa bağlıdır. Yəni var olmaq istəyirsənsə, bu prosesin öncüllərindən olmalısan. Bu gün belə bir anlayış var, rəqəmsal dünyada yoxsansa, demək heç yoxsan. Sevindirici haldır ki, artıq bizim biznes subyektləri və təşkilatlar bunu qəbul edirlər. Bəli, proses başlayıb, gedir. Düzdür, onu fərqli formada anlayan və tətbiq edən subyektlər mövcuddur.

Proses ölkədə yeni olduğu üçün tam anlamayıb, sadəcə görüntü yaradan subyektlər və təşkilatlar da az deyil. Lakin bu, yaxşı göstəricidir.

Yeni tendensiya bunu göstərir ki, biznes proseslərində daha sürətli və çevik olan kiçik şirkətlər oturuşmuş və transformasiya prosesində cəld tərpənməyən çox böyük şirkətləri qabaqlayır.