Bir sıra ölkələrdə koronavirusun (COVID-19) yayılması səbəbindən bütün ictimai tədbirlər ləğv edilib. Çində fevral ayının ortalarından etibarən yas və toy mərasimlərinə qadağa qoyulub. Türkmənistanın paytaxtı Aşqabadda koronavirusla əlaqədar olaraq, toy mərasimləri təxirə salınıb, istirahət obyektləri bağlanılıb.

Eyni zamanda, sosial şəbəkələrin Azərbaycan seqmentində kütləvi tədbirlərdə, konsertlərdə, toylarda və s. iştirak edib-etməmək barədə müzakirələr aparılır. Koronavirus səbəbindən bu gün Azərbaycanda bütün təhsil müəssisələri bağlanılıb. Bununla belə, kafe, restoran və teatrlar işləyir. Vətəndaşlar toy və digər mərasimləri ləğv etməyi, yaxud təxirə salmağı planlaşdırmır.

Media.Az hər hansı bayram tədbirinə dəvət olduğu təqdirdə nə etməli olduğumuzla bağlı 8 saylı Bakı Şəhər Poliklinikasının baş həkimi Tamilla Kərimovadan münasibət öyrənib.

Həkimin sözlərinə görə, təşvişə düşmək və planlaşdırılan mərasimləri ləğv etmək üçün heç bir səbəb yoxdur.

“İndi koronavirus (COVID-19) bir az mutasiya edib və sevindirici haldır ki, xəstəlik daha yumşaq formada davam edir. Sağalma sayı ölənlərin sayını keçib və bu cür dinamika davam edəcək”, - deyə o bildirib.

Eyni zamanda, o, ehtiyat tədbirlərinə riayət etməyin vacib olduğunu da vurğulayıb: “Məsələn, görüşəndə qucaqlaşmayın, öpüşməyin, əllə görüşməmək, xəstə görünüşü olan şəxslərdən uzaq durmaq arzu olunandır. Ümumiyyətlə, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən tövsiyə olunan tədbirlər var. ÜST əlləri spirt əsaslı məhlul və ya sabunla müntəzəm olaraq yumağı, öskürərkən və asqırarkən ağzı və burnu salfetlə, ya dirsək büküyü ilə örtməyi, ictimai yerlərdə insanlarla azı bir metr məsafə saxlamağı tövsiyə edir. Mümkünsə gözlərinizə, burnunuza və ağzınıza toxunmayın. Fakt budur ki, əllər virusun ola biləcəyi bir çox səthə toxunur. Temperaturun yüksəlməsini müşahidə etdikdə, öskürək başlayanda və nəfəs almaqda çətinlik çəkdiyiniz təqdirdə ən qısa müddətdə həkimə müraciət etməlisiniz”.

Tamilla Kərimova tezliklə havaların isinəcəyi və virus təhlükəsinin puç olacağı üçün Azərbaycanın şanslı olduğunu bildirib.

“Koronavirus ultrabənövşəyi şüalardan ölür, buna görə təkrar edirəm, təlaş və həddindən artıq narahatlıq üçün heç bir səbəb yoxdur”, - deyə həkim vurğulayıb.

Xatırladaq ki, bu gün Azərbaycanda altı vətəndaşda koronavirus təsdiqlənib. Təxminən 500 nəfər xəstəlik şübhəsi ilə karantindədir.

Eyni zamanda, bütün dünyada “COVID-19” koronavirusu olan xəstələrin sayı 98429 nəfər olub, 3386 nəfər ölüb, 55641 nəfər sağalıb.

Qeyd edək ki, bu məlumatlar yazı dərc olunan vaxtda etibarlıdır.