Dağlıq Qarabağ və ətraf 7 rayonun işğalından sonra 1 milyondan çox Azərbaycan vətəndaşı qaçqın və məcburi köçkün statusu daşımağa başladı. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanununda məcburi köçkünlərin sosial təminatı üçün görülən tədbirlər əks olunub. Belə ki, onların tibbi, sosial və müvəqqəti yaşayış təminatı, məşğulluğun təmin edilməsi, təhsil hüququnun təmin edilməsi və digər güzəştlər dövlət tərəfindən həyata keçirilir. Ancaq bütün bu güzəştləri də tənzimləyən müəyyən şərtlər təyin olunub.

Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri İbrahim Mirzəyev mövzu ilə bağlı İqtisadiyyat.Az-ın bir neçə sualını cavablandırıb.

-Ölkədə məcburi köçkünlər üçün vahid aylıq müavinətin məbləği nə qədərdir?

-Dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi məqsədi ilə onlara vahid aylıq müavinət verilir. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsinə 2017-ci il fevralın 1-dən başlanılıb. Bu il aprelin 1-dən müavinətin məbləği, sıx müvəqqəti məskunlaşma yerlərində qazlaşdırma vəziyyətindən asılı olaraq, adambaşına müvafiq olaraq, 33 və 60 manat təşkil edir.

-Vahid aylıq müavinətin artımı neçə məcburi köçkünə şamil olunub?

-Vahid aylıq müavinətin artımı 500 minə yaxın məcburi köçkünə şamil olunub. Hazırda məcburi köçkünlərdən 81.476 nəfəri 33 manat, 415.081 nəfəri 60 manat məbləğində vahid aylıq müavinət alır.

-Qanunvericiliyə görə, məcburi köçkün hansı hallarda dövlətin verdiyi müavinətdən məhrum ola bilər?

-Bu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2-ci hissəsinə uyğun olaraq tənzimlənir. Məsələn, adına mənzil olan, “məcburi köçkün” statusu olmayan şəxslə ailə quran, həmçinin boşanmış qadınlar, səfərbərlikdən yayınmış, fərarilik etmiş “məcburi köçkün” statusu olan şəxslərə, qaydalarda göstərilən müddətdən artıq xarici ölkədə olmuş şəxslərə, Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilmiş “məcburi köçkün” statusu olan şəxslərə, dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə, 2016-cı il 31 dekabr tarixindən sonra doğulmuş məcburi köçkün uşaqlarına və qaydalarda nəzərdə tutulmuş digər hallarda məcburi köçkünlərə şamil edilmir.

-Başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra yenidən aylıq müavinətini ala bilərmi və bu proses necə həyata keçirilir?

-Nazirlər Kabinetinin qərarına əsasən “məcburi köçkün” statusuna malik olan şəxs təqvim ili ərzində cəmi 182 gündən artıq müddətdə başqa ölkədə olarsa vahid aylıq müavinətin verilməsi dayandırılır. Eyni zamanda “məcburi köçkün” statusuna malik olub başqa ölkəyə müvəqqəti getmiş və təqvim ilində cəmi 182 günədək müddətdə geri qayıdan məcburi köçkünlər də bu hüquqdan məhrum olur. Başqa ölkəyə müvəqqəti getmiş məcburi köçkün geriyə qayıtdıqdan sonra aylıq müavinətin bərpa olunması ilə əlaqədar rayon icra hakimiyyətinə rəsmi müraciət etməlidir. Müraciətə qanunauyğun formada baxıldıqdan sonra, onun vahid aylıq müavinəti bərpa oluna bilər.

-Ailədə bir məcburi köçkünün adına ayrıca yaşayış sahəsi, torpaq, obyekt olduğu halda ailənin digər üzvlərinə ev və vahid aylıq müavinət verilə bilərmi?

-Mənzillərin verilməsi qaydası isə Nazirlər Kabinetinin 65 saylı qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na uyğun həyata keçirilir. Qaydalarda məcburi köçkünlərin yeni mənzillə təmin edilməsi və ondan məhrum edilməsi qaydaları ətraflı formada qeyd edilib. Məcburi köçkün düşdükdən sonra mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkünlərə və onların ailə üzvləri köçürülmə zamanı yeni yaşayış sahəsi verilmir. Bununla yanaşı həmin ailənin aylıq müavinəti də dayandırılır. Bu istiqamətdə, yalnız şəhid ailələri istisna təşkil edir.

Qeyd edək ki, 2017-ci ildə məcburi köçkünlərə verilən yemək xərci, kommunal və digər xidmətlər üzrə ödənişlər ləğv olunmuş, əvəzində vahid aylıq müavinət müəyyən edilmişdi.

 

Mehman Nəbiyev