Dünyanı cənginə alan COVİD-19 pandemiyası ölkələrin səhiyyə sistemi ilə yanaşı qlobal iqtisadi dəyərlərini də sözün əsl mənasında təhlükə altında saxlamaqdadır. Tələb olunan məhdudiyyətlər, çökən qlobal əmtəə bazarları, azalan istehlakçı inamı məhz bu qəbildəndir.

Ölkədə zərər çəkmiş iqtisadi fəaliyyət sahələrinin vacib bir qolu da turizm sahəsidir ki, burada da geriləmə maksimum səviyyədədir. Mövcud vəziyyətlə bağlı Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadənin İqtisadiyyat.az saytına müsahibəsini təqdim edirik:

1. Ölkədə koronavirus pandemiyasına qədər turizmin inkişafında hansı mərhələlər izlənildi? İnkişaf səviyyəsi necə idi?

Azərbaycanda gəlmə xarici vətəndaşların sayı 2019-cu ilin yekununda 3.2 milyon nəfərlə rekordunu vurdu. Bu rəqəm 2018-ci il ilə müqayisədə 11.3%-lik artım demək idi. 2020-ci ilin ilk aylarında da 15% çox artım müşahidə olunurdu.

Lakin COVID-19 virusunun ölkəmizə də ayaq basması bütün sektorlara olduğu kimi turizmə də təsirsiz ötüşməyib.

2. Pandemiyanın daxili turizmə vurduğu zərərin həcmi nə qədərdir?

Ötən illə müqayisədə daxili turizmdə səfərlərin sayı 1 milyona qədər azalıb, ümumdaxili məhsulun formalaşmasında turzimin payı 2,6 faizdən 1,7 faizə düşüb.

Dövlət tərəfindən dəstək paketi çərçivəsində turizm sahəsində işləyən insanların maaşlarının ödənilməsi üçün aprel-may aylarında 7 milyon 200 min manat məbləğində vəsait xərclənilib.  Həmçinin, 2019-cu ildə ödənilən 500 min verginin bir hissəsi geri qaytarılıb.

3. Hazırkı vəziyyətdə turizmi dayanıqlı saxlamaq üçün hansı planlar var?

Azərbaycanda turizmin bərpası digər ölkələrdə olduğu kimi 4 mərhələ üzrə baş tutacaq.

Fakt budur ki, hazırda dünya turizmi ”sıfır" səviyyəsindədir. Bütün ölkələr yenidən qayıdışa hazırlaşır. Dünya təcrübəsində, eləcə də Azərbaycanda turizm qurumları 4 mərhələdən ibarət turizmin bərpasına başlayacaq. Hazırda Azərbaycanda bərpa prosesinin birinci mərhələsi reallaşdırılır. Bu mərhələdə Agentlik turizm sahəsində sabitliyin qorunmasına çalışıb. Burada əsas atılan addımlar onlayn platformaya keçmək, treninqlərin təşkili, xarici strategiyanın dəyişdirilməsindən ibarətdir. Birinci mərhələdə əsas missiya turizm sənayesini qoruyub saxlamaq, iş yerlərini itirməmək, sənayeyə dəstək olmaq olub.

4. Növbəti mərhələdə turizm sektorunun tam bərpası necə baş tutacaq?

İkinci mərhələ ”Macəra yaxındadır" vahid platforması bazasında daxili turizmin bərpası ilə reallaşdırılacaq. Bu çərçivədə turizm agentlikləri və hotellər könüllü şəkildə birləşərək, vətəndaşlara öz büdcələrinə uyğun səyahət edə bilmələri üçün əlverişli mühit yaradacaqlar. Beləliklə, bizim turizm sənayesi ikinci mərhələyə tam hazırdır. Şəhərlər və bölgələrarası gediş-gəliş bərpa olunduqdan sonra biz turizm mövsümünün açılışını elan edəcəyik.  Bununla belə, indidən hotellərə sanitar gigiyenik qaydalar, dezinfeksiya işi necə olmalı, iaşə obyektlərində, ictimai nəqliyyatda sosial məsafənin necə gözlənilməsi haqda xüsusi təlimatlar verilib. Üçüncü və dördüncü mərhələlər xarici turistlər üçün sərhədlərin açılması və bu sahənin tam bərpa olunmasıdır.

5. Xarici ölkələrə uçuş bərpa olunmadığı halda mütləq ki, yerli turizmə tələbat artacaq. Bəs, bu sistem necə tənzimlənəcək?

Turizm obyektlərində ziyarətçilərin sağlamlığının qorunması məqsədilə müvafiq tədbirlərin keçirilməsi üçün hökümət tərəfindən proaktiv yanaşma tətbiq olunur. Bu məqsədlə Dövlət Turizm Agentliyi "SAHMAN" (www.sahman.az) proqramını işləyib hazırlamışdır. Proqram karantin dövründən sonra səyahət edəcək turistlərin gigiyena və sağlamlıq təhlükəsizliyi normaları ilə bağlı gözləntilərinin qarşılanması, eləcə də yerli və xarici turistlərin sayında artıma nail olunması üçün turizm və qonaqpərvərlik sənayesi üçün standartlar toplusunu ehtiva edir.

Proqram əsasında mehmanxana və mehmanxana tipli obyektlərdə, turistlərə xidmət göstərən nəqliyyat vasitələrində xüsusi qaydaların tətbiq edilməsi təklif edilib. Həmin qaydalara riayət edən obyektlərin üzərində SAHMAN leyblı vurulacaq. Əlbətdəki, dövlət qurumları turizm sahəsində qiymətləri formalaşdırmır. Lakin, biz yerli hotellərlə, turizm şirkətləri, turizm assosiasiyaları ilə danışıqlar aparırıq ki, əhali üçün qiymətlər sərfəli olsun, hər kəz öz büdcəsinə uyğun olaraq həm regionlarda, həm Bakıda səhayətlərini qura bilsinlər.

6. Dövlət tərəfindən turizmə və bu sahədə çalışan insanlara ümumlikdə nə qədər yardım göstərilib?

Bu gün ümumi iqtisadiyyat subyektlərinə edilən yardım çərçivəsində turizmə və bu sahədə çalışan insanlara da müəyyən məbləğdə yardım göstərilib. Bu yardımın məbləği təxminən 7 milyon 800 min manata yaxındır. Bunun 7 milyon 200 mini maaşların ödənilməsi üçün sərf edilib. Qalan məbləğ isə ötən il ödənilən vergilərin bir qisminin qaytarılmasını ehtiva edir.

7. Dövlət başçısının ÜTT-nın Baş katibi Zurab Pololikaşvili ilə görüşü Azərbaycan turizminə nələr vəd edir?

Dövlət başçımız bir sıra beynəlxalq təşkilatların rəhbərləri ilə görüşü zamanı davamlı olaraq turizm sahəsinin ən çox ziyana uğramış sahələrdən biri olduğunu qeyd edib.

Prezidentimiz Ümumdünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili ilə görüşü zamanı turzim sahəsinə davamlı yardım göstərilməsinin vacibliyini diqqətə çatdırıb.

Dövlət Turizm Agentliyi olaraq bütün turizm sənayesi subyektlərinə iş yerlərini qorumaları üçün müraciət etmişik. Turizm sahəsində insan resurslarından daha çox şey asılıdır. Burada itirilən insan potensialını bərpa etmək sonradan çətinliklər yarada bilər. İndiki mərhələdə əsas məsələ iş yerlərinin itirilməməsi məsələsidir. Bu istiqamətdə də təkliflər hazırlanır və müzakirə edilir.

ÜTT ilə əməkdaşlığımız uğurludur. Pandeimya və postmandemiya dövründə bu təşkilatın ümumi koordinasiya prosesində və təcrübə mübadiləsində rolu böyükdür.

İQTİSADİYYAT.AZ