Azərbaycanda bu il qış fəslinin yaza verdiyi bəzi sürprizlərdən biri soğanın bahalaşması oldu. Ekspertlər bahalaşmanın səbəbləri barədə müxtəlif fikir bildirdilər. Aqronomlar əvvəlki illərdə soğana deyil, sarımsağa tələbatın çox olması səbəbindən bu il sarımsaq əkininə üstünlük verildiyini bildirmişdi. Buna görə də soğanın bahalaşmasının təbii olduğu qeyd olunurdu. Həmçinin əvvəlki illərdə kartofun qiyməti soğana nisbətən baha olub. Məlumdur ki, ölkənin kartof əkini ilə seçilən Gədəbəy, Tovuz, Cəlilabad rayonlarının məhsuldarlığı daxili tələbatı ödəmir. Buna görə də əsasən İrandan və Belarusiyadan kartof idxal olunurdu. Lakin bu həftə ərzində İran hökuməti əvvəlcə soğanın, daha sonra isə kartofun da ölkədən ixracına qadağa qoydu. Həmin qadağadan dərhal sonra Azərbaycanda kartofun da qiyməti soğanın qiyməti ilə eyniləşdi. Bəs görəsən, daxili tələbatı yerli məhsul hesabına ödəmək mümkün ola bilərmi? İranın bu qərarından sonra ölkədə qiymətləri tənzimləmək üçün hansı tədbirlər görülə bilər?

Mövzu ilə bağlı İqtisadiyyat.Az-a açıqlama verən aqronom Vüsal Hacıyev, bütün problemlərin düzgün planlaşmanın olmamasında görür. Onun fikrincə, regional Aqrar İnkişaf Mərkəzləri marketinq təlimləri keçirməlidir.

“İndi əkinə yararlı torpaq sahələrinin əksəriyyəti müstəqil sahibkarlara məxsusdur. Yəni, nə əkiləcəksə özləri qərar verirlər. Bazar iqtisadiyyatında belə də olmalıdır. Regionlardakı Aqrar İnkişaf Mərkəzlər təkcə aqrar maarifləndirmə deyil, həm də marketinq təlimləri də aparmalıdır. Marketinqdən anlayışı olmayan kəndli də başa düşsün ki, keçən il hansı bitki əkilib, bu il hansı əkilməlidir və qiymətlər necə olmalıdır. Kartof və soğanın qiymətlərindəki artımlar düzgün planlaşdırmanın olmaması ilə bağlıdır. Soğanın qiymətlərində neçə illərdir ki, çətinliklə üzləşirdik. İnanmıram ki, İranın kartof və soğan ixracına qadağa qoyması ölkədə bu məhsulların bahalaşmasına səbəb olsun. Qonşu ölkənin verdiyi qərarın ölkə bazarlarına vuracağı hər hansı təsirin qarşısını yalnız bir üsulla almaq olar. O da ki, əkilən məhsulların zərərsiz və itkisiz becərilməsidir. Əlimizdə olan məhsulu qoruyub saxlamaqdır. Həm də süni bahalaşmanın qarşısını almaq lazımdır. Marketinq və planlama üçün Kənd Təsərrüfatı Nazirliyinin elektron informasiya sistemi və pilot layihələr yaranmaq üzrədir. Bu sistem və layihələr başladıldıqdan sonra inanıram ki, düzgün planma olacaq, düzgün məsləhətlər veriləcək”.

İqtisadçı ekspert Pərviz Heydərov isə yerli sahibkarlara digər ölkələrdən məhsul idxal etməyə şərait yaradılmalı olduğunu bildirib.

“Əvvəla bunu deyək ki, yerli məhsul daxili tələbatı ödəsə də idxalsız keçinmək mümkün deyil. Bu da qiymət, keyfiyyət və.s amillər ətrafında rəqabətlə bağlıdır. İranın kartof və soğanın ixracına qadağa qoyması ilə kartofun qiymətinin artması o demək deyil ki, yerli məhsul tələbatı ödəmir. Düzdür, bəzi arqar məhsulların istehsalında çatışmazlıqlar çoxdur. Ancaq kartof, soğan və başqa məhsulların istehsalında vəziyyət heç də pis deyil. Azərbaycanda yerli məhsulun maya dəyəri qonşu ölkələrə nisbətən baha başa gəlir. Elə digər ölkələrdə məhsulun maya dəyərinin ucuz başa gəlməsi idxala səbəb yaradır. Məhz bu səbəbdən İran kartofu yerli bazarlarda ucuz qiymətə təklif olunur. Azərbaycanın ərzaq məhsulları idxal etdiyi ölkələr sırasında İran çox mühüm yer tutur. Bütün bunlara görə İranın kartof və soğan ixracına qadağa qoyması ölkə bazarlarında bu məhsulların bahalaşmasına gətirib çıxarmalıydı və biz bunu müşahidə edirik. Ancaq soğanın bahalaşmasının bununla əlaqədar olduğunu düşünmürəm. Bu süni artımdır. İranın bu addımına görə, yerli sahibkarlara Türkiyə, Rusiya, Qazaxıstan kimi ölkələrdən bu məhsulları idxal etməsinə şərait yaradılmalıdır.”

 

Mehman Nəbiyev