15.01.2024-cü il tarixində Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, dünən Bakı şəhəri, Binəqədi rayonu, Abay Kunanbayev küçəsində yerləşən mebel sexində yanğın baş verib. FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub. Hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.