İqtisadiyyat.az saytının növbəti videolayihəsinin qonağı Azərbaycan Milli Elmlər Akademiyasının akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqovdur. Şərqşünas alim həm dilimizə tərcümə etdiyi son kitabları haqqında məlumat verdi, həm də dini mövzuda suallarımızı cavablandırdı.

  •  Dilimizdə tərcümə etdiyiniz "Tanax" kitablar toplusu nədən bəhs edir?

Şərqşünaslıq İnstitutunda akademik Gövhər Baxşəliyevanın rəhbərliyi altında bir çox nailiyyətlər var. Müxtəlif kitablar, ixtiralar, o cümlədən də “Tanax” bu qəbildəndir. “Tanax” nədir? Nədən ibarətdir? “Tanax” yəhudi dininin müqəddəs kitablar toplusudur və 3 hissədən ibarətdir: birinci hissə “Tövrat”, 2-ci hissə “Peyğəmbərlər” kitabı və 3-cü hissə isə “Yazılar” kitabıdır. “Tanax”ın birinci hissəsi olan “Tövrat” Musa peyğəmbərə nazil olub. Burada olan yazılar, düşüncələr, fikirlər hamısı demək olar ki, “Quran'i Kərim”lə üst-üstə düşür. Bu da təbiidir, çünki müəllif eynidir. Allahın bəşər övladından bir istəyi var idi ki, onun qayda qanunlarına riayət etsin və bu qanunlar toplusu kitab şəklində peyğəmbərlər vasitəsi ilə bəşəriyyətə çatdırıldı.

“Tövrat”ın özü ibri dilindən götürülüb. Mənası “qanun” deməkdir. “Tanax”ın ikinci hissəsi olan “Peyğəmbərlər” kitabın özündə qeyd olunduğu kimi müqəddəs ruhun təsiri altında yazılıb. Müqəddəs ruh dedikdə isə Cəbrayıl əleyhissəlam nəzərdə tutulur. “Tanax”ın 3-cü hissəsi olan “Yazılar” kitabı isə Davud və Süleyman peyğəmbərin yazdıqlarıdır.

  • Müqəddəs kitabları bəşər övladının yazdığı kitablardan fərqləndirən əsas cəhətlər nələrdir?

Allah insana hər bir gücü verib, yalnız ikinci “Tövrat”ı yaratmaq gücü vermədi. Məsələn, siz ərəb dilini bilmirsiniz, amma “Quran”ın oxunuşunu, qiraətini eşidəndə sanki insanın tükləri ürpənir. Baxmayaraq ki, bilmirik o nə oxuyur, nə deməkdir. Bu ilahi üslubiyyatdır. Bəzən qiraətçi belə “Quran”ı oxuyarkən ağlayır, hansısa bir məqamda sevinc hissi keçirir. Bütün bu hallar onunla bağlıdır ki, “Quran”da rəhm var. Onu başa düşən ərəbşünas o rəhmli məqama gələndə sevinir, həmin hissi duyur. Bunlar “Tövrat”da da mövcuddur. Heç bir bəşər övladının yaratdığı kitablarda bunları görməyəcəksiniz. Tərcüməçi o vaxt istəyinə nail olur ki, müəllifin səviyyəsinə qalxa bilir, burada isə müəllif Allahdır. “Tövrat” Gövhər xanımın rəhbərliyi altında ilk dəfə tərəfimizdən tərcümə olunub. Amma bu tərcümələrdə məlum olur ki, insan Allaha yaxınlaşır, bu da Yaradanın bir lütfü altında baş verir. Hər istəyən, maraq göstərən səmavi kitabı tərcümə edib, məqsədinə çata bilməz. Səmavi kitabları tərcümə etmək üçün ilahi bir lütf lazımdır.                                          

  • Sizcə peyğəmbərlərin səhvləri olub?

Peyğəmbərlər də fizioloji baxımdan bizim kimi insanlar olublar. Amma mənəvi baxımdan ruhani, Allahın seçilmiş bəndələri idi. Peyğəmbərlərin günah işlətməsi olub, amma Allah onları böyük günahlardan qoruyub. Günahsız yalnız bizi yaradandır. Onların böyük günahları ola bilməzdi. Ona görə ki, onların günahları olsa biz bəşər övladından fərqləri olmazdı.

  • Sizcə dində islahatlara ehtiyac varmı?

Bilirsiniz, bu kitabların mükəmməlliyi ondadır ki, hər dövrə müasir şəkildə cavab verir. İstər islam, istərsə də yəhudi dini insanın düzgün yaşamasını buyurur. Bir-birini incitməsin, yalan danışmasın, bir birinə köməklik etsin. Məgər bunun dövrü var? Bəşər cəmiyyəti yaranandan insanları bir-birinə köməyə, ədalət pirinsipinə səsləyir. Dində bilmirəm, amma Allahın qoyduğu bu səmavi kitabda və ondan yaranan qayda-qanunlarda islahata heç bir gərək yoxdur.

  • Ateistlərin Allahı inkar etməsinə münasibətiniz necədir?

Dünyanın ən tanınmış ateistləri belə kitabları, peyğəmbərləri inkar etdikləri halda yaradanı inkar etməyiblər. Mən sizə çox misallar gətirə bilərəm. Onlar yaradanı inkar etmirlər. Ən azından məntiqlə düşünüblər ki, Yer kürəsi, nizam-intizam, riyazi hesablamalar var. Saat kimi, bəlkə də daha dəqiq işləyən bir kainat və bu varlıqları yaradan var. Bu dünyanın yağışı, suyu, fırtınası, zəlzələsi varsa, deməli müəllifi də var.

  • Məlumdur ki, cəmiyyətimizdə inanclılarla yanaşı, inancsız insanlar da var. Ateizmə maraq göstərənlər heç də az deyil. Türkiyəli elm adamı Celal Şengör kimi ateistlər ölkəmizdə də populyardır. Ümumiyyətlə ateizmə və ateistlərə münasibətiniz necədir?

Neqativ. Onlardan soruşun ki, sən Quranı dərk etmisənmi? Mən sizə bir misəl gətirim - alman filosofu Göte ateist olub. Dahi filosof Göte. Hər halda siz dediyiniz ateist (C.Şengörü nəzərdə tutur – red.) ondan üstün deyil. Höte ateist idi və hər şeyi inkar edirdi. Amma “Qurani Kərim”i oxuyub, dərk etdikdən sonra, o Əl-bəqərə surəsinə dair böyük bir məqalə yazıb. Orada görünür ki, yaradanı dərk edir. Və ya götürək Puşkini. Onun “Podrajania Koranu” şeiri var, orada “Quran”a olan inamını, heyranlığını göstərir.

Əgər sən “Qurani Kərim”i, “Tövrat”ı oxuyub dərk edib Allahı inkar edirsənsə, deməli sənin ruhunda, təfəkküründə nəsə bir xəstəlik var. Yox, oxumadan inkar edirsənsə, bu lap pis. Deməli səhv yoldasan.

  • Din tənqidçiləri Quranda şiddətin təbliğ olunduğunu bildirir. Bu doğrudurmu?

Bu tək “Qurani Kərim”də yox, “Tövrat”da da belədir. Şiddət, qan tökmək, müharibə elan etmək, öldürmək… Amma günahsız insanları öldürməkdən, şiddətdən bəhs edilmir. Allahın əksinə gedənlərdən, Allaha küfr edənlərdən, Yaradanın qanunlarından kənara çıxanlardan bəhs edilir.

Əlbəttə, belə insanlara qarşı Allahın əmri ilə seçilmiş insanları üsyan ediblər, onlara qarşı şiddət göstəriblər. Hansısa məqamlarda Allah özü onları cəzalandırıb. Sizə bir missal çəkim. Musa peyğəmbərin dövründə Allah fironun qəlbini inadkar etdi və bu əməlinin cazası olaraq, onun qoşununu dənizin ortasında batırdı. Bu məgər şiddət deyildimi?

Məhəmməd peyğəmbər müharibəyə qalxanda və yaxud Musa peyğəmbər kimisə cəzalandıranda o öz başına etməyib. Allahdan gələn bir vəhy, bir əmr olub. Əgər insan yolunu azırsa, Allahı inkar edirsə, deməli o özü öz şiddətinə qərar verir. Mənim subyektiv fikrimə qalarsa, bir insanın digərinə şiddət göstərməsinin mən qəti tərəfdarı deyiləm. Elə insanları maarifləndirmək, öyrətmək, lazımdır.

  • Din və elm ziddiyyətdir yoxsa, vəhdət?

18-19-cü əsrlərdə bəzi fantastic əsərlərdə sualtı gəmilərdən bəhs edilir. O zaman elmə məlum deyildi sualtı gəmi. Və ya “Sehirlli xalat” filmini götürək, o vaxt biz ona fantastika kimi baxırdıq, deyirdik ki, kosmosa uçmaq olar? O vaxt bunlar elmə məlum deyildi. Amma bu o demək deyil ki, əgər elmə məlum deyilsə, bu mövcud deyil və ya olmayacaq.

Kimsə deyə bilməz ki, “Quran”da olanların elmi əsası yoxdur. Bəlkə bir gün Allah o lütfü insana verərsə, “Quran”da olan bir çox məqamlar ki var, elm onları açıqlayacaq. Quranda o qədər elmi məqamlar var ki, görün neçənci əsrdə yazılıb. Onu alimlər illər, əslər sonra aşkara çıxarırlar. O demək deyil ki, əgər alim onu açıqlamayıbsa, o “Quran”da, “Tövrat”da mövcud deyil. Biz “Qurani Kərim”i “Tövrat”ı anladıqdan sonra görürük ki, nə qədər mükəmməl elmdir.

  • Müqəddəs kitabların tərcüməsində buraxılan səhvlər haqqında nə deyə bilərsiz?

Hər bir tərcümədə mütləq təhrif olur. Kim desə ki, mən yüz faiz təhrifsiz tərcümə etdim bu mümkün deyil. Səhvlər mənim tərcümələrimdə də ola bilər. Hansısa təhriflər, çatışmazlıqlar ola bilər. Mən elə kitabın girişində də qeyd etmişəm ki, oxucular öz rəyini bildirsin və növbəti dəfə bu hallar baş verməsin. Amma maksimum çalışmışıq ki, təhriflərdən yan keçək. İndi nə qədər nail olmuşuq, bunu siz oxucular deyə bilərsiniz.