Azərbaycan Prezidenti İlham Əliyevin bu il fevralın 16-dan 18-dək Almaniyanın Münxen şəhərində keçirilən (və bu şəhərin adı ilə tanınan) nüfuzlu beynəlxalq Təhlükəsizlik Konfransında iştirakı, Münxendə keçirdiyi çoxsaylı görüşlər və verdiyi ciddi ismarıclar çox əhəmiyyətli və aktualdır.
Azərbaycan Prezidenti iki gün ərzində düz 24 görüş keçirdi! Təsəvvür edin, görüş üçün daha 10 müraciət daxil olsa da, vaxt baxımından onları gerçəkləşdirmək mümkün olmadı.

Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında iştirakının bizimçün bir də Ermənistan-Azərbaycan münasibətləri baxımından ayrı bir önəmi vardır. Bəlli olduğu kimi, cənab Prezidentin Münhendə Ermənistan Baş naziri ilə ikitərəfli görüşü oldu. Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə baş tutan görüşün nəticəsi olaraq, qarşılıqlı münasibətlər normallaşa bilər. Əlbəttə, normallaşma daha çox Ermənistana lazımdır; lakin etiraf edək ki, qeyri-müəyyən durum bizə də sərf etmir.
Hazırda qalıcı "Sülh Müqaviləsi"nin imzalanması real görünür. - Bununçün ilk və ən əsas şərt dəyişməmişdir: Ermənistan tərəfi siyasi iradə nümayiş etdirməlidir.
Artıq keçici bəyanatlar, sonradan dəyişdiriləcəyi bəri başdan bəlli olan vədlər, boş sözlər qətiyyən və qətiyyən keçmir! Zatən 30 illik ağır işğal dönəmində Azərbaycan dövləti heç bir zərərli sənədə imza atmayıb; bütün çətinliklərə, basqılara, aldatmacalara baxmayaraq, dövlət və milli maraqlarımızı qoruma əzmini nümayiş etdirib.
Danışıqlar bir fayda verməyincə və bardağı daşıran son damlalar düşüncə isə qələm-dəftər dayandı, silahlar dilləndi. Bizi uzaqbaşı siyasi hücumlarda görəcəklərini və onu da himəyadarları vasitəsi ilə neytrallaşdıracaqlarını zənn edən qafillər, hərb meydanındakı əks-hücumlarla darmadağın edildilər. 2016-cə ildə də, 2020-ci ildə də biz əks-hücumdaydıq. (Düşmən sənin ərazimizdədirsə, sənin istənilən an, istənilən aktın əks-hücum dəyərindədir).
Bunlar öz yerində.

Bu il 44 günlük müharibənin 4-cü ildönümü olacaq. Ötən ilin sentyabrındasa 23 saatlıq lokal antiterror tədbirləri görüldü. İlin-günün, işin-gücün bu vaxt, bu vədəsində də Ermənistanda soyuq ağıl emosiyaları, revanşizmi üstələyə bilmirsə, deməli, hələ də sülh üçün maneələr qalır. Bax, bu kontekstdə və bu günlərdə 20 fevral - Qarabağın dağlıq hissəsində separatizmin başlandığı bədnam günün növbəti "ildönüm"ü ilə bağlı "Arsax prezidenti"nin, "Arsax rəsmiləri"nin yenidən üzə çıxması, İrəvanda "Arsax nümayəndəliyi"nin hələ də saxlanması suallar doğurmaya bilməz. Öncələri qondarma şəkildə mövcud olmuş, ötən ilsə özünü buraxmış "dövlət"ciyi bu günlərədək sürümək Paşinyanın nəyinə lazımdır? Lazım deyilsə, nə üçün tam sıfırlamır? Tam sıfırlaya bilmirsə, bəs onda bizə hansı qarantiyanı verə bilər? Üstəlik, İrəvandakı "Arsax" canlanması nəyə xidmət edir? - Qarabağdan qıraqda olsa belə o canlanmanın yeni separatizm dalğasına dönüşmşməsi üçün Paşinyan hökumətinin "menyü"sündə nə var? Bax, bu və bənzəri sadə sualların cavabı olmadan "Sülh Masası"na əyləşməyin nə anlamı?
 
Azərbaycan tərəfdənsə sülh realdır - çünki "sözümüz imzamız qədər keçərlidir"! Buyursun, Paşinyan hökuməti Azərbaycana qarşı qanunvericilik səviyyəsindəki iddialarından rəsmən, qanunla əl çəksin, mövcud olmayan keçmiş qondarma rejimin rəmzlərindən  birmənalı (və birdəfəlik!) imtina etsin! - Yəni Ermənistan ərazisində "Arsax rəmzləri"ndən istifadə rəsmən qadağan edilsin!
 
Fikrət ƏLİYEV,
YAP Binəqədi rayon "UNİTY-Company" ilk ərazi təşkilatının sədri