Qeyri-bank təşkilatları, o cümlədən pensiya fondları, sığorta şirkətləri, investisiya fondları və digər iştirakçılar dünya maliyyə sisteminin iqtisadi inkişafında mühüm rol oynayırlar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun materialında deyilir.

Qeyd olunur ki, ABŞ və Avropa tənzimləyiciləri tərəfindən təkrar maliyyələşdirmənin faiz dərəcələrinin qaldırılması maliyyə həssaslığının artmasından xəbər verir.

"Yaxın aylarda bütün dünyada davam edən pul-kredit siyasətinin sərtləşdirilməsi fonunda dünya maliyyə sistemindəki risklər güclənə bilər. Qeyri-bank maliyyə institutları, o cümlədən pensiya və investisiya fondları, sığorta şirkətləri, habelə digər iştirakçılar maliyyə xidmətləri və kreditlər verməklə dünya maliyyə sistemində mühüm rol oynayırlar ki, bu da iqtisadi inkişafı dəstəkləyir", - BVF-in məlumatında deyilir.

Bundan başqa, Fondun materialında qeyri-bank institutları sektorundakı artımın dünya maliyyə böhranından sonra sürətləndiyi və hazırda dünyadakı maliyyə aktivlərinin təqribən 50 faizini təşkil etdiyi qeyd olunur. Qeyri-bank sektorunun fasiləsiz fəaliyyətinin dünya iqtisadiyyatının stabilliyi üçün çox mühüm olduğu deyilir.

BVF həmçinin qeyri-bank təşkilatları ilə ənənəvi banklar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyəsinin maliyyə böhranını gücləndirə biləcəyini vurğulayır.

"Maliyyə perspektivləri ilə bağlı narahatlıqlar suveren istiqrazların gəlirliliyinin qəfil artmasına gətirib çıxarır ki, bu da öz növbəsində sabit ödənişli pensiya fondlarına investisiyalarda böyük itkilərlə nəricələnir", - BVF-in materialında deyilir.