Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) “Qaya Safety Solutions” şirkətinə cərimə yazıb.

İqtisadiyyat.az xəbər verir ki, DƏMX şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Daha sonra protokol baxılması Nərimanov Rayon Məhkəməsinə göndərilib. İş hakim Gültəkin Əsədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmə protokolu təsdiq edərsə, ““Qaya Safety Solutions” şirkəti 25 000 manatadək cərimələnəcək. 

Şirkətin barəsində protokol tərtib olunan maddədə deyilir ki, əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir.

Qeyd edək ki, “Qaya Safety Solutions” şirkəti 2021-ci ilin oktyabr ayında təsis edilib və humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərir. Şirkət işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatlarla çirklənmiş ərazilərin təmizlənməsi və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə xidmətlərini göstərir.