Yaponiyanın əmək və səhiyyə naziri sərt danışdı

Yaponiyanın əmək və səhiyyə naziri Takumi Nemoto, qadınların sosial mediada dikdaban ayaqqabı geyinmə məcburiyyətinə qarşı başlatdığı kampaniyaya cavab verib və “qadınlar üçün işə dikdaban ayaqqabılarla getmək daha uyğundur” deyib.

Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, parlamentdəki bir müzakirə zamanı nazir Nemotoya müəssisə rəhbərlərinin, iş yeri sahiblərinin tətbiq etdiyi dikdaban ayaqqabı geyinmək məcburiyyətinə qarşı başladılan kampanya barədə sual verilib.

Nazir Nemoto dikdaban ayaqqabı məcburiyyəti üçün aşağıdakıları deyib: “Sosial baxımdan qəbul edilən bir durum var. Peşə baxımdan lazımlı və uyğun olan mövcud sistemdir”.

İşverənlərin geyim məcburiyyətinə, dress kod şərtlərinə dikdaban ayaqqabının da əlavə edilməsinə etiraz məqsədilə 20 min qadın imza toplayıb. Sözügedən imzalar həftənin çərşənbə axşamı günü Əmək Nazirliyinə təqdim edilib.

Sosial mediada #KuToo haştaqı ilə başladılan kampaniya da dikdaban ayaqqabı məcburiyyətinə qarşı hazırlanıb. Yapon dilində 'Kutsu' sözü ayaqqabı mənasındadır. 'Kutsuu' isə acı deməkdir. Qadın haqları müdafiəçiləri seçdikləri etiketdə bir tərəfdən bu sözləri birləşdirdikləri halda, digər tərəfdən də keçən il qadına yönəlmiş şiddət, cinsi istismara etiraz etmək üzrə başlanan #MeToo (Mən də) hərəkətinə bir mesaj yollayıb.

Kampaniyanı başlayan isə aktrisa və yazar Yumi Ishigava olmuşdu. Kampaniyaya dəstək verənlər Yaponiyadakı şirkətlərin hamısında qadınlar üçün dikdaban ayaqqabı geyinmə məcburiyyəti olduğunu deyirlər.