Bankda pulu olanlara şad xəbər: gəlirləri artacaq

"Gələn ildən etibarən banklarda depozit gəlirlərinə vergi güzəştləri tətbiq olunacaq və aylıq 200 manatlıq gəlirlər vergidən azad olunacaq. Həmçinin əgər vətəndaş il yarımdan artıq müddətə depozit yerləşdirərsə, bu zaman gəlirlər tam olaraq vergidən azad olunacaq".

Bunu İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.

O bildirib ki, banklarda yerləşdirilən depozit üzrə gəlirlər gələn ildən etibarən artacaq.

Buna görə də deputat iqtisadi baxımdan pulların banklarda saxlanılmasını daha məqsədəuyğun hesab edir. O deyir ki, çünki banklarda pul saxlanan zaman vətəndaş gəlir əldə edir: 

V.Baymarov bank seçən zaman vətəndaşları diqqətli olmağa çağırıb. O, banklarda vəsaitlərin yalnız sığortalanan paket çərçivəsində yerləşdirilməsini tövsiyə edib: "Hazırda mövcud qaydalara əsasən, ümumi məbləği 100 min manatadək və depozit göstəricisi 12%-dək olan bütün əmanətlər sığortalanır. Bu o deməkdir ki, əgər vətəndaş öz əmanətini 100 min manatadək yerləşdiribsə və burada depozit faizini də nəzərə alıbsa, bu halda hətta bank müflis olsa belə, onun vəsaiti tam olaraq qaytarılır. Ona görə də sığortalanan paket çərçivəsində vəsaitin banklarda yerləşdirilməsi, təbii ki, vətəndaşların gəlir əldə etməsinə və onun vəsaitinin qorunmasına gətirib çıxarır. Hətta vətəndaşın depoziti və ya vəsaiti 100 min manatdan çoxdursa, o öz pulunu 100 min manatadək olmaq şərti ilə ya bir neçə bankda yerləşdirə, ya da vəsaiti ailə üzvlərinin adına yerləşdirə bilər. Bu halda da 100 min manatadək vəsaitlər praktik olaraq qorunur".

İqtisadçı-ekspert Eldəniz Əmirov isə İqtisadiyyat.az-a açıqlamasında sığortalanan əmanətlərin risk daşımadığını söyləyib.

Onun sözlərinə görə, əmanətlərin yatırılmasında seçim birmənalı olaraq bankların üzərində formalaşmalıdır: "Çünki ciblərdə saxlanılan pul hər il ən sadə formada qeyd etsək, illik inflyasiya göstəricisi qədər ölür. Banklarda olan pul müəyyən qədər risk faktorunu özündə daşısa da, bütün hallarda ölmür. Eyni zamanda əhali əmanətlərinin sığortalanması kimi bir mexanizm olduğunu nəzərə alsaq və əhalinin də yatırdığı vəsaitin miqdarına baxsaq görərik ki, tam olaraq hər bir kəsin vəsaiti sığortalanıb. Buna görə də əhali əmanətləri o qədər də risk daşımır".

 

Sadiq Cavadov