Respublika Perinatal Mərkəzdə baş vermiş yanğınla əlaqədar bir sıra rəsmi şəxslər sözügedən xəstəxanaya baş çəkiblər. 

İqtisadiyyat.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Prezidentin köməkçisi Anar Ələkbərov, baş prokuror Kamran Əliyev və səhiyyə naziri Teymur Musayev Mərkəzə gediblər.

Onlar hazırda hadisə yerinə baxış keçirirlər.

Xatırladaq ki, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinin qüvvələri tərəfindən qısa müddətdə söndürülüb, aidiyyəti dövlət orqanlarının koordinasiyalı və operativ fəaliyyəti nəticəsində Mərkəzdə olan şəxslər təxliyə olunub. İlkin araşdırmalar zamanı müəyyən edilib ki, 3 nəfər tüstüdən zəhərlənmə səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.Yanğın zamanı mərkəzin Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicə alan 4 körpənin meyiti aşkar olunub. 

Fakta görə, Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 225.3 (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələrilə cinayət işi başlanıb.