“OPEC+” ölkələri neft hasilatını azatmaları barədə verilən qərarın müddətini uzatdılar. Bu barədə məlumatı Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl Falih bildirib. Onun sözlərinə görə, ittifaqa daxil olan bütün ölkələr sazişin daha 9 ay uzadılmasını dəstəkləyiblər. Neftin qiymətlərinə səbəb edən ən böyük amillərdən də biri elə bu idi. Həmçinin ABŞ və Çin arasında gedən ticarət müharibələri, dünya iqtisadiyyatının artım tempi, bununla əlaqədar olaraq tələbin artıb-azalması da qiymətlərə mütləq təsir edən amillər sırasındadır. Sonuncu G-20 ölkələrinin sammitində ABŞ və Çin arasında gedən ticarət müharibələrinin nisbətən yumşalması üçün bir sıra qərarlar verildi. “OPEC+” ölkələri hansı prosesləri nəzərə alaraq gündəlik hasilatı azaltma haqqında bağlanan sazişin müddətini uzatdılar? Bu qərardan sonra yaxın aylarda qiymətlər hansı tempdə dəyişə bilər?

İqtisadiyyat.Az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov, müvafiq qərarın verilməsinin gözlənilən olduğunu bildirib. Onun sözlərinə görə, mövcud iqtisadi amillər fonunda əslində qiymətlər 50 dollardan aşağı olmalıdır.

“”OPEC+” ölkələrinin hasilatı azaltmaları barədə müvafiq qərarın müddətini uzaldacağı əvvəlcədən bəlli idi. Çünki neftin dünya bazarındakı mövcud tələb və təklif nisbəti bunu diktə edirdi. Əslində dünyadakı iqtisadi amillər səbəbilə neftin qiyməti indikindən 10-15 dollar aşağı olmalıdır. Siyasi və subyektiv səbəblərə görə, qiymətlər uzun müddətdir ki, 60 dollardan yuxarıdır. Ticarət müharibələri fonunda iqtisadi artımın zəifləməsi ilə tələbat əvvəlki kimi deyil. Təklif stabil vəziyyətdə qalmaqdadır. Təklif mövcud iqtisadi inkişaf tempinə əsasən real tələbi ödəmək gücündədir və hətta üstündür. Yaxın Şərqdə gedən proseslər və böyük ölkələr arasındakı ticarət savaşlarına görə qiymətlər hazırda 60 dollardan yuxarıdır. Bütün bunlara görə də “OPEC+” ölkələri gözəl bilirdilər ki, əgər hasilatı azaltma müddətini ləğv etsələr, bu dünya bazarında neftin qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə gətirib çıxaracaq”.

Pərviz Heydərov, növbəti ildə də eyni siyasi hadisələrin təkrarlanacağını istisna etmədiyini bildirib: “Qiymətlərin 50 dollardan aşağı olması başda Səudiyyə Ərəbistanı olmaqla, neft hasilatçısı ölkələrə sərf etmir. Baxmayaraq ki, Səudiyyə Ərəbistanı bütün məsələlərdə ABŞ-la müttəfiqdir. Ancaq neft siyasətində ərəb dövləti fikir ayrılığındadır. Buna görə də ərəb dövlətinin neft məsələsində Rusiya ilə razılaşmalara getdiyinin şahidi oluruq. G-20 sammitində ABŞ-la Çin arasında münasibətləri yoluna qoyacaq qərarların verilməsinin neftə olan tələbatı artıracağı gözlənilirdi. Ancaq “OPEC+” ölkələri riskə getməyəcəklərini bildirdirlər və hasilatı azaltma müddətini uzaltmağa qərar verdilər. Bütün bunlara görə, yaxın aylarda neftin dünya bazar qiymətlərinin 60 dollardan çox olacağını və növbəti ildə də baş verən hadisələrin eyni qaydada təkrarlanacağını düşünürəm. Əgər dünya iqtisadiyyatında artım baş verməzsə, Çin və Avropa ölkələrində artım meylləri qeydə alınmasa “OPEC+” ölkələri qərarlarında uzun müddət israrlı olmaqda davam edəcəklər. Qiymətlər də 60 dollardan yuxarı qalacaq ki, bu da bütün neft hasilatçısı ölkələrə sərf edir”.

 

Mehman Nəbiyev