Qızıl cüzi ucuzlaşaraq unsiyası 1810 dolları üzərində möhkəmlənib.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın fevral fyuçersləri 0,25 % və ya 4,5 ABŞ dolları ucuzlaşaraq 1 unsiyası 1 810,7 dollara satılıb. Gümüşün mart fyuçerslərinin qiyməti isə 0,08 % düşərək 1 unsiyası 22,823 ABŞ dolları təşkil edib.

Dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 1,1 % düşərək 104,73 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

ABŞ valyutasının zəifləməsi ABŞ Federal Ehtiyat Sisteminin (FES) siyasətinin müəyyən qədər yumşaldılması gözləntiləri ilə bağlıdır. Əgər əvvəlki dörd iclasın nəticələrinə görə, FES uçot dərəcəsini 75 baza bəndi səviyyəsində artırıbsa, dekabrda əksər ekspertlər 50 baza bəndi - illik 4,25-4,5%-ə qədər artım proqnozlaşdırırlar.