Şəmkir rayonunda ölmüş heyvan ətinin satışa çıxarılmasının qarşısı alınıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Daxil olan məlumat əsasında Şəmkir rayonunda fəaliyyət göstərən, fiziki şəxs Anar Sadəddin oğlu Hadıyevə məxsus ət satışı mağazasına Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı satışa çıxarılan iribuynuzlu heyvan ətinin mənşəyi və keyfiyyəti ilə bağlı ciddi şübhələr yaranıb.

Aparılan araşdırma zamanı Anar Sadəddin oğlu Hadıyevin həyətyanı sahəsində ölmüş heyvanın kəsilərək mağazada satışının həyata keçirildiyi müəyyən olunub. Müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına təqdim edilib. Sınaq protokoluna əsasən, ətin istehlaka yararsız və insan sağlamlığı üçün ciddi təhlükə mənbəyi olduğu aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq fiziki şəxs barəsində inzibati protokol tərtib olunub, istehlaka yararsız ətin satışı qadağan edilib və saxlanca qoyulub, eyni zamanda işə hüquqi qiymət verilməsi üçün aidiyyəti quruma göndərilib.