"Məqsədimiz Azərbaycanda dayanıqlı kənd təsərrüfatı sistemini yaratmaqdır".

"Report" xəbər verir ki, bunu kənd təsərrüfatı naziri İnam Kərimov V Avropa İttifaqı (Aİ) - Azərbaycan biznes-forumundakı çıxışında deyib.

“Ötən il Azərbaycanda kənd təsərrüfatı istehsalı 2 dəfə, ixrac isə 11% artıb. Azərbaycanda istehsal olunan məhsullar keyfiyyət baxımından rəqabətə davamlıdır. Biz istəyirik ki, Aİ ilə bu sahədə əməkdaşlığı gücləndirək, Avropanın tələblərinə və standartlarına uyğun keyfiyyətli məhsullar istehsal edək”, - deyə o, qeyd edib.

Bundan başqa, İ.Kərimovun sözlərinə görə, 2018-ci ildə Aİ və Azərbaycan arasında kənd təsərrüfatı sahəsində 237 milyon dollarlıq ticarət dövriyyəsi olub. Azərbaycandan Aİ ölkələrinə 48 milyon dollarlıq məhsul ixrac edilib, Azərbaycana isə Aİ ölkələrindən 189 milyon dollarlıq kənd təsərrüfatı məhsulu isə idxal olunub. Mövcud potensialı nəzərə alaraq bu rəqəmləri xeyli artırmalıyıq”.