Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, dünyanın əsas iqtisadi ölkələrinin statistika göstəricisi olaraq tövsiyə etdiyi Elektron Ticarət Sisteminə görə, may ayının ixracat həddini açıqlayıb. Nazir, may ayında ixracat göstəricisinin ötən ilin eyni ayı ilə müqayisədə 11.46% və ya 16 mlrd 813 milyon dollara qalxdığını bildirib. Ticarət nazirinin sözlərinə görə, bununla da Türkiyə cümhuriyyət tarixinin ən yüksək ixracat göstəricisinə çata bilib.

İqtisadiyyat.Az türk mediasına istinadən xəbər verir ki, bütün bunları nazir Pekcan yazılı şəkildə paylaşıb. Həmçinin o, 2019-cu ilin ilk 5 ayında ixracatın ötən ilin eyni dövrü ilə müqayisədə 5.37% artdığını və 76.6 mlrd dollara çatdığını bildirib.

Pekcan, idxalatın may ayında ötən ilin eyni ayı ilə müqayisədə 19.85% azalaraq 18 mlrd 588 milyona düşdüyünü bildirib. İxracatın idxalatı qarşılama göstəriciləri isə may ayında 90.5%, ilin ilk 5 ayı üçün isə ötən ilə nisbətən 66.9%-dən 87.9%-ə qalxıb.

Nazir Ruhsar Pekcan, ixracatın belə yüksəlişinin səbəblərini bu cür açıqlayıb: “İxracatımızdakı bu yüksəliş, Çinin orta aylıq ixracatının azaldığı, ticarət qoruma tədbirlərinin artdığı, Avropa iqtisadiyyatının yavaşladığı dönəmə təsadüf edir. May ayında Avropaya olan ixracatımız keçən ilin eyni ayı ilə müqayisədə 4.1%, ABŞ-a 25.6%, Rusiyaya 13.9%, Meksikaya 20.9%, Çinə 2.6% artıb. 2019-cu il boyunca bu performansın davam edəcəyini gözləyirik”.