“Bu bir terror aktıdır və bu terror aktını törədənlər dövlətə, dövlətçiliyimizə düşmən kəsilən, əldə etdiyimiz uğurları həzm etməyən, Azərbaycanın düşmənləridir, xarici məkrli qüvvələrdir. Niyyət ölkəmizdə sabitliyi pozmaq, bu gün özünü yüksək səviyyədə ifadə edən xalqla dövlət arasındakı möhkəmliyə zərbə vurmaq və cəmiyyət arasında ajiotaj yaratmaqdır. Lakin bu cür niyyətləri həyata keçirməyə çalışan düşmənlər öz məqsədlərinə nail ola bilməyəcəklər”.

Bu sözləri İqtisadiyyat.az-a Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. Deputat Fazil Mustafaya qarşı törədilən terror aktı barədə danışan millət vəkili bildirib ki, bundan sonra da bu cür terror aktları törədilə bilər və hər kəs tədbirli olmalıdır:

“Bu kimi hallar istisna edilmir. Lakin Azərbaycanın hüquq-mühafizə orqanları kifayət qədər peşəkardır. Ölkəmiz bu və buna bənzər terror aktlarının qarşısını almaq gücündədir. Məncə, baş vermiş bu hadisə əlavə tədbirlərin görülməsini zəruri edir və bununla bağlı addımlar atılacaqdır. Hər birimiz kifayət qədər tədbirli olmalıyıq. Düşmən çox məkrlidir və öz niyyətlərini həyata keçirmək üçün ən müxtəlif, gözlənilməz addımlar ata bilər. Ona görə hər birimiz diqqətli olmalıyıq ki, düşmənin uzun illərdir ölkəmizdə kök salmağa çalışan əlaltıları vasitəsilə terror aktları törətməsinə imkan yaranmasın”.

Fəzail Ağamalı deputatların silah daşımaları məsələsinə də toxunaraq qeyd edib ki, buna ehtiyac duymuram:

“Qanunvericilikdə millət vəkillərinin silah gəzdirməsinə icazə var və vaxtilə deputatlara silah paylanmışdı. Lakin sonradan buna ehtiyac olmadı. Çünki ölkəmiz sabit ölkədir. Məncə deputatlara silah verilməsinə ehtiyac yoxdur. Hüquq-mühafizə orqanlarımız kifayət qədər peşəkardır, Azərbaycan bu və buna bənzər hadisələrdən sığortalana bilər. Ümid edək ki, bu hadisə bir daha təkrarlanmayacaq”.

Son olaraq deputat qeyd etdi ki, şükürlər olsun törədilən bu terror aktı Fazil Mustafanın səhhətində ciddi problem yaratsa da, onun həyatını Allah xilas etdi:

“Əminəm ki, Fazil Mustafa tezliklə sağalacaq və özünün yüksək intellekti ilə dövlətimizə sədaqəti ilə yenidən sıralarımıza qayıdacaq, öz xidmətini davam etdirəcək. Dəyərli və hörmətli həmkarıma şəfa diləyirəm. Tezliklə öz ailəsinin və dostlarının yanına qayıtsın”.  

Qeyd edək ki, dünən axşam saatlarında deputat Fazil Mustafa yaşadığı evin qarşısında silahlı hücuma məruz qalıb. Hadisə nəticəsində o iki güllə yarası alıb. Hazırda xəstəxanada olan deputatın həyati təhlükəsinin olmadığı bildirilib.

Cavidan Mirzəzadə / İqtisadiyyat.az