Böyük Britaniya Kraliçası II Yelizavetanın İngiltərədən xaricdə tək evi olaraq bilinən “Villa Guardamangia” 6 milyon avroya satışa çıxarılıb. Kraliça, həyat yoldaşı kral Filippin Maltada dəniz donanmasının zabiti olduğu 1949-1951-ci illərdə bu evdə yaşayıb. Villa sonrakı illərdə təmirə ehtiyaclı vəziyyətdə qalıb.

İqtisadiyyat.Az-ın xarici mediaya istinadən məlumatına görə, məşhur əmlak agentliyinin verdiyi elanda Kraliçanın villası, “Qeydə alınmış böyük bir tarixi dəyərə sahib, Palazzo memarlığının gözəl nümunəsidir” deyə nümayiş olunub.

Elanda, 1560 kv.m sahsi olan hündür tavanlı evin, qonaq və xidmətçilər üçün çox sayıda otaqları olduğu bildirilib. Kraliça II Yelizaveta və kral Filipp evliliyinin ilk illərində, kraliçanın tacqoyma mərasimindən əvvəl də bu evdə yaşamağa başlayıb.

Kraliça, ilk olaraq kral Filippin əmisinin kirayə götürdüyü bu evdə gözəl xatirələri olduğunu bildirmiş, 2015-ci ildə Malta ziyarətində “Bura mənim üçün həmişə özəl olaraq qalacaq” demişdi.

Ancaq villa son illərdə mübahisələrə səbəb olub. Uçma təhlükəsi olan villanın təmir olunub əvvəlki vəziyyətinə gətirilməsi çağırışı edildiyi halda, bəziləri Malta hökumətinin evi alaraq məsuliyyəti öz üzərinə götürməli olduğunu, bəziləri isə bunun kraliçanın qərarından asılı olduğunu söyləyirlər.