Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov mediaya açıqlama verərkən, turizm sahəsində baş verəcək yeniliklərdən danışıb. Belə ki, aparat rəhbəri turizm polisi yaradılacağını, turizm şirkətlərinin sığortalanacağından söz açıb. Bundan əlavə o, açıqlamasında şirkətlərin və otellərin vergilərdən azad edilməsi, həmçinin yeri gəldikdə bu sahəyə subsidiyaların ayrılması barəsində də açıqlama verib. Dəfələrlə ekspertlər, Azərbaycanın istər iaşə sektoru, istərsə digər xidmət sahələrinin turistlər üçün baha olduğunu bildiriblər. Şirkətlərin sığortalanmasının da məhz həmin prosesin qarşısını alınması üçün nəzərdə tutulduğu düşünülür. Belə ki, turistlərin hüquqları tapdandıqda, yaxud pulları mənimsənildikdə həmin sığorta fondundan müəyyən qədər məbləğin bu istiqamətə yönəldiləcəyi deyilir.

Turizm üzrə tanınmış ekspert Ruslan Quliyev yeni layihələr barədə İqtisadiyyat.Az-a danışarkən, turizm haqqında qanunun qəbul ediləcəyini və həmin qanunda bütün bunların əks olunacağını bildirib:

“Əvvəlcə onu deyim ki, son zamanlar dövlət qurumları ilə özəl və ictimai sektor nümayəndələri arasında görüşlər keçirilir. Turizmin inkişafı istiqamətləri araşdırılır. Həmin görüşlərdə də bildirmişəm ki, turizm üçün yeni qanun layihəsinin qəbul edilməsi ümdə məsələdir. Bundan başlamalıyıq. Yəni, turizm reyestrinin yaranması da, turizm polisi də orada öz əksini tapacaq. Vergi qanunvericiliyində də müəyyən pozitiv dəyişikliklər həyata keçirilir. Ölkənin tanıdılması məqsədilə təşviq subsidiyaları və sənədlərinin verilməsi fikirlərini müsbət qarşılamışıq. Əksəriyyət elə bilir ki, lisenziyanı ləğv etmək və ya bərpa etmək hansısa geriyə qayıdışdır, xeyr. Bu reyestrin təyin olunması, statistika, monitorinq və hesabatlılıq üçün çox əhəmiyyətlidir. Bütün ölkələrdə bu qəbul olunub. Dövlətin əlində hər hansı bir rıçaq olmalıdır. Söhbət sığorta fondundan gedir ki, istər ölkəyə gələn turistlər, istər ölkədən gedən azərbaycanlılar “fors major” hallarında yaxud qeyri-professional xidmətdən sonra böyük problemlər yaşayırlar. Həmin o istehlakçıların hüquqları pozulanda, pulları mənimsəniləndə sığorta fondunda olan məbləğ oraya yönləndirilir. Turist polisinin yaradılması da bütün sivil ölkələrdə mövcuddur. Düşünürəm ki, qanun qəbul ediləndən sonra bu məsələlərə qayıdacağıq. Dövlət Turizm Agentliyinin şirkətləri bir araya yığıb inkişaf yollarını araşdırması müsbət haldır”.

Mehman Nəbiyev