Ötən gün prezident İlham Əliyev sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı tapşırıq verib.

Tapşırığa əsasən, Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə fəaliyyət göstərərək, kəndlərin yeni inkişaf konsepsiyasını hazırlamalıdır. 

İqtisadiyyat.Az xəbər verir ki, iqtisadçı İlham Əzizov Redaktor.az-a açıqlamasında qeyd edib ki,  prezident İlham Əliyevin kəndlərdə investisiya layihələrinin icrası ilə bağlı tapşırığı müsbət addımdır:

“Məlumdur ki, dövlət kənd təsərrüfatı ilə məşğul olan  biznes tərəfdaşlarına müxtəlif güzəştlər təqdim edirdi. Həmin güzəştlərdən biri də kənd təsərrüfatı üçün lazım olan 40-a yaxın texnikaların alınması ilə bağlı olub. Prezidentin təklifindən görünür ki, bu işlər artıq yeni təşviqlə əvəz olunacaq”.

İqtisadçı bildirib ki, üç nazirliyin birgə fəaliyyəti ilə yanaşı, bu birliyə “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin də əlavə edilməsi daha faydalı olacaq:

“Kənd Təsərrüfatı Nazirliyi bu işləri dərindən bilir. İqtisadiyyat Nazirliyi maliyyə tərəflərini həll edəcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi isə əhalinin müdafiəsini təmin edəcək.  Fikrimcə, “Meliorasiya və Su Təsərrüfatı” ASC də bu təşkilatlanmada yer alacaq. Çünki Meliorasiya və su təsərrüfatı ölkənin sosial-iqtisadi inkişafında vacib sahələrdən biridir”.

Yeni konsepsiyada kəndlilərin rolu ilə bağlı iqtisadçı bildirib ki, onların  qarşısında bir sıra vacib  məsələlər duracaq:

"Öncəliklə, münbit topraqlarda istehsal olunacaq məhsulların müəyyənləşdirilməsidir. Digər məsələlər isə texnika və kredit məsələsi ilə bağlıdır. İstehsal olunan məhsulların bazarda qorunması də vacib şərtdir. Yəni, əksər məhsulların başqa ölkələrdən ucuz qiymətə ölkəyə gətirilməsinin qarşısı alınmalıdır. Sadaladığım məsələlər konsepsiyada öz əksini tapacaq”.

İlham Əzizov onu da qeyd edib ki, kənd təsərrüfatına  ünvanlı investisiyaların qoyulması üçün əlverişli şərait var:

"Ölkə ərazisində məhsul yetişdirilməsi üçün  yararlı olan torpaq sahələri təftiş olunub. Həmin yararlı torpaqların istifadə olunması və bu ərazilərdə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ünvanlı investisiyaların qoyulması çox səmərəli bir işdir".