“Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Dövlət Aqrar Ticarət Şirkəti” MMC-nin (DŞAK) "Kənddən Şəhərə" markası adı altında brendləşdirilmiş məhsullarının, eyni adlı onlayn satış platformasının yaxın günlərdə istifadəyə verilməsi planlaşdırılır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə şirkətin mətbuat katibi Mayis Musayev bildirib.

M.Musayev əlavə edib ki, sayt hazırda test rejimində işləyir: “Bəzi çatışmazlıqları var və onun üzərində iş aparılır”.

Onun sözlərinə görə, onlayn satışda bütün növ ərzaq məhsulları, o cümlədən meyvə-tərəvəz, qablaşdırılmış və digər məhsulların satışı həyata keçiriləcək: “Çatdırılma məsələsi zonalar üzrə bölünəcək. Birinci zona üzrə çatdırılma ödənişsiz olacaq. Bu, əsasən yaxın ərazilər üçün nəzərdə tutulub. Sonrakı zonalarda məsafəyə əsasən çatdırılma xərci müəyyənləşəcək. Zonanın xəritəsi saytda yerləşdiriləcək. Sifarişlər üçün 20 manatdan yuxarı məbləğ müəyyənləşib”.