İran xarici işlər naziri Cavad Zərif Yaponiyaya səfər edib. Paytaxt Tokio yaxınlığında yerləşən Yokohoma şəhərində Yaponiya baş naziri Şinzo Abe ilə görüşən Zərif ölkəsinin bölgədə daha artıq gərginliyin yaranmasını istəmədiyini deyib.

Zərif eyni zamanda Yaponiya xarici işlər naziri Taro Kono ilə bir araya gəlib. Qeyd edək ki, Yaponiya hökuməti 2015-ci ildə İran və “altılıq” ölkələri arasında anlaşmanı qoruyub saxlamaq üçün vasitəçilik etməyi təklif edib. Hətta iyunun əvvəlində Yaponiya baş naziri bu məqsədlə İslam inqilabından sonra ilk dəfə İrana səfər edərək dövlət rəsmiləri ilə görüşlər keçirib. Ancaq bu səfərin gedişində Fars körfəzində gərginlik yüksəlib, bir neçə gəmiyə, o cümlədən Yaponiyay məxsus tankerə hücum həyata keçirilib.

Yaponiya xarici işlər naziri Kono bildirib ki, İran və ABŞ arasında gərginlik nisbətən yumşalıb. O, İranla Yaponiya arasında tarixi dostluğa diqqət çəkərək danışıqların intensivləşməsi üçün Zəriflə anlaşdıqlarını deyib. Kono deyib ki, Yaponiya nüvə anlaşmasını dəstəkləyir və eyni zamanda İranın anlaşmadakı öhdəliklər geri dönməyə və müqaviləni pozacaq addımlardan çəkinməyə çağırıb.

Cavad Zərif isə bildirib ki, iki ölkənin körfəzdə sabitliyin yaranmasında xüsusi maraqları var. İran baş nazirinin Uzaq Şərq turu davam edir. Zərifin Yaponiyadan sonra region ölkələrinə səfəri davam edəcək. Bundan əvvəl isə Zərif Çində səfərdə olub.

Təbii ki, Çində əsas danışıqlar ABŞ-İran gərginliyi və İranın Çinə neft satışının bərpa olunması məsələləri olub. İranın “Fars” xəbər agentliyi xəbər verir ki, Çin hökuməti Amerika embarqolarına rəğmən İrandan neft alışını artırıb. Agentliyin məlumatına görə, Çinin İrandan neft idxalı iyul ayındakı rəqəmlərə nisbətən 4,7 faiz artaraq gündəlik 216 min barelə çatıb. Maraqlıdır ki, hazırda ABŞ da Çinə xam neft ixracını artırıb. Belə ki, ABŞ hazırda Çinə gündəlik 362 min barel neft satır və bu göstəriciyə əsasən hazırda Amerika Çinə neft satan ölkələr arasında ilk “onluğa” daxil olub.

Qeyd edək ki, Çin İrandan ən çox xam neft alan ölkələrdən biridir. Ancaq 2018-ci ildə Trampın İrana qarşı neft embarqosu tətbiq etməsi, eləcə də bu ilin əvvəlində bir sıra ölkələrə qoyulan neft satışı limitini ləğv etməsindən sonra Çin İrandan neft alışını azaldıb. Ancaq Çin və ABŞ arasında münasibətlərin soyuması Pekinin İrandan neft idxalının həcmini artırmasına səbəb olub. Məsələn, bugünlərdə “Financial Times” nəşrində yer alan məqalədə Çinin “Kunlun” bankına məxsus 3 neft tankerinin may ayından bu yana İrandan neft daşıdığı qeyd olunur. Hətta tankerlərin peyk görüntüləri də yayılıb. Bu, o zaman baş verib ki, Tramp 8 ölkəyə tətbiq etdiyi İrandan neft alınması ilə bağlı güzəşt limitini ləğv etmişdi. Hazırda ABŞ-ın sərt iqtisadi sanksiyaları ilə üz-üzə qalan Çin hökuməti isə İranla münasibətləri qoruyub saxlamaq istəyir. Pekin ABŞ hakimiyyətinin sanksiyalarını diqqətə almamaqla yanaşı, bu sanksiyaları beynəlxalq hüququn pozulması və qanunsuzluq kimi dəyərləndirir.

Belə anlaşılır ki, Çin İrandan həm açıq neft satışını artırıb, həm də gizli şəkildə neft idxalını davam etdirir. Bu isə o deməkdir ki, İranın Çinə hazırda neft idxalı rəsmi rəqəmlərdəki 216 min bareldən daha çoxdur. Bu rəqəm İran üçün böyük olmasa da, Tehranın ABŞ sanksiyalarını dəlmək imkanlarının olduğunu göstərir.

Xatırladaq ki, İran daha əvvəl də neft embarqolarını qara bazarda gizli neft satışı vasitəsilə dələ bilirdi. İndi isə ABŞ və Çin arasında rəqabətin dərinləşməsi, üstəlik, sanksiyaların effekt verməməsi Tehranın imkanlarını daha da artırır. Çin kimi ölkələr isə sanksiyalardan istifadə edərək İrandan daha ucuz qiymətə neft almaqla tələbatlarını ödəyə bilir.(musavat.com)