İqtisadçı ekspert Rövşən Ağayev “iqtisadi artımın hədəflənməsi anlayışı”-nın var olub-olmaması ilə bağlı Mərkəzi Bankın sədri Elman Rüstəmovun fikri ilə razılaşmadığına aydınlıq gətirərək, açıqlamasın feysbuk profilində paylaşıb. İqtisadiyyat.az paylaşımı olduğu kimi sizə təqdim edir.

“Mərkəzi Bankın rəhbəri mətbuat konfransında jurnalistin sualına cavab olaraq bilidrib ki, 'iqtisadi artımın hədəflənməsi' anlayışı yoxdu. Belə var ki, hökumət ölkədə uzunmüddətli dayanıqlı inkişafın və biznesin real potensialının gerçəkləşməsinə, insanların həyat keyfiyyətinin müntəzəm yüksəlməsinə və tam məşğulluğun təmin edilməsinə imkan verən illik iqtisadi artımın minimum yol verilən həddini araşdırmalar, hesablamalarla ortaya qoyur. Bu anlayış xüsusilə də inkişaf etməkdə olan ölkələr üçün önəmlidir - adambaşına ÜDM-i inkişaf etmiş ölkələrin səviyyəsinə çatdırmaqla onlardakı həyat keyfiyyətini öz insanlarına təqdim etmək üçün.
Hədəfləməni seçən hökumət sonra isə müxtəlif iqtisadi siyasət alətləri, ən başlıcası isə monetar siyasət vasitəsilə buna nail olmağa çalışır. Adambaşına ÜDM-i 1000-2000, hətta 3000-4000 dollar olan ölkənin ən azından, məsələn 30000-35000 dollarlıq həddi hədəfləməsi yoxdursa, o hökumətin gerçək işinin və məqsədinin adı nə olur? Yeri gəlmişkən, Çin uzun illərdir minimum 7%-lik iqtisadi arıtımı özü üçün hədəf seçib.
Azərbaycan kimi ölkə üçün belə makroiqtisadi hədəflənmə rejiminə keçid son dərəcə aktuallaşıb – söhbət son 3 ildə faktiki olaraq iqtisadi artımın baş vermədiyi və durğunluq yaşandığı, adambaşına ÜDM-nin 4500 dolları keçmədiyi, yaxın 3 ildə artımın çox aşağı olacağı ilə proqnozların olduğu bir şəraitdən gedir. Bu anlayışın olduğunu təkcə elə rus iqtisadçılarının əsərlərinə baxmaqla görmək mümkündür. İngilisdilli ədəbiyyatda da rast gəlinir. Amma bu ədəbiyyatlar öz yerində, BMT-nin 2030-cu ilə qədər dayanıqlı inkişafa dair müəyyən etdiyi 17 məqsəddən birində - 8-ci məqsəddə məhz iqtisadi artımın hədəflənməsi əks olunub. 'Ləyaqətli iş və iqtisadi artım' adlanan həmin məqsəddə qeyd edilir ki, inkişaf etməkdə olan ölkələr üçün bu hədd 7% müəyəyn edilib”.

İqtisadiyyat.Az