Dünyada geosiyasi gərginliyin davam etməsi, tətbiq olunan iqtisadi sanksiyalar, pandemiyanın yaratdığı fəsadların hələ də tam aradan qalxmaması, Rusiya-Ukrayna müharibəsi, iqlim dəyişikliyinin kəskinləşməsi və qlobal iqtisadiyyatın perspektivləri ilə bağlı qeyri-müəyyənliklər inflyasiya proseslərinə təsir göstərməkdədir. Azərbaycan bu proseslərin təsirindən yan keçmək üçün müxtəlif tədbirlər həyata keçirir.

Bu baxımdan bir neçə gün öncə ölkədə qiymət artımı ilə effektiv mübarizə çərçivəsinin formalaşdırılması üçün Baş nazir Əli Əsədov “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndirilməsi istiqamətində əlavə tədbirlər barədə” sərəncam imzalayıb.

Millət vəkili Vüqar Bayramov İqtisadiyyat.az-a bildirib ki, burada məqsəd infilyasiya dərəcəsinin optimallaşdırılması, eyni zamanda bazarda monitorinqlərin gücləndirilməsidir. 

“Çünki həm 2022-ci ildə, 2023-cü ilin ilk yarısında inflyasiyaya təsir göstərən əsas faktorlardan biri idxal infilyasiyası, yəni başqa ölkələrdə olan qiymət artımları nəticəsində olsa da belə, eyni zamanda süni qiymət artımları da qiymətlərə təsir göstərir”.

Ölkədə sosial rifahı dəstəkləyən inflyasiya səviyyəsinə nail olunması istiqamətində İnflyasiya üzrə monitorinq üçün İşçi Qrup fəaliyyət göstərəcək.

İşçi qrup Ölkədə inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblərini kəmiyyət və keyfiyyətcə qiymətləndirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası koordinasiyanın gücləndirilməsi işini də həyata keçirəcək.

Xatırladaq ki, Dövlət Statistika Komitəsi məlumatına görə Azərbaycanda illik inflyasiya 12,7% təşkil edib. İlin sonuna kimi infilyasiyanın 1 rəqəmli həddə olması hədəflənir.

SAMİR CABBAROV - İQTİSADİYYAT.AZ