Türkiyənin cənub hissəsinin meyvəçilik mərkəzi olan Mersin vilayətində alça və çiyələkdən sonra parnikdə əkilmiş ərik yığımına başlanılıb. İqtisadiyyat.az “İxlas” xəbər agentliyinə istinadən məlumat verir ki, ilk yığımda 100 kilo ərik, kilosu 35 lirədən(təxminən 10 manat 30 qəpik) İstanbula göndərilib. Vilayətin Aqrar Mərkəzinin rəisi Cəfər Doyqun 1200 hektarlıq ərik bağlarından 11 min ton məhsul əldə olunacağını söyləyib. Ərazinin mikroiqlim hava şəraitində olması səbəbilə ilk yığımların Mersində və əsasən də vilayətin Silifke rayonunda olduğunu bildirən Doyqun, “Türkiyədə ilk çiyələk və alça yığan Silifkelilər parnikdə əkilən ağaclardan ərik yığımına da başladılar”- deyə danışıb.

Silifkenin Qabasaqqallı məhəlləsində parnikdə ərik istehsal edən sahibkar Həmzə Göylər isə, Silifkedə ilk yığımın qürur hissini yaşadıqlarını və məhsulu 35 lirədən(təxminən 10 manat 30 qəpik) İstanbula göndərdiklərini deyib. 4 hektarlıq ərik parnikindən 12 ton məhsul gözləyən Həmzə Göylər, “Məhsul çox ləzzətlidir. Tamamilə təbii şəraitdə yetişdiririk” söyləyib. Sahibkar 4 hektar parnikinə İspaniyadan gətirdiyi “maqador” cinsli ərik ağacı əkdiyini, bu cinsin də Aralıq dənizi bölgəsində ən tez yetişən ərik ağaclarından 15 gün daha tez yetişdiyini bildirib.