Rusiya və Çin ticarətdə öz milli valyutalarından istifadə etməyə hazırlaşırlar. Belə ki, çinli həmkarı Şi Çinpinq ilə Moskvada görüşən Putin, “Rusiya və Çin milli valyutalarla ödəmə tətbiqini inkişaf etdirmək niyyətindədir. İkili ticarətdə rubl və yuan istifadəsinin genişləndirilməsi və qlobal bazardakı qeyri-sabitliyin fonunda bank sektorunda daimiliyin təmin olunması məqsədilə hökumətlərarası razılaşma imzaladıq” -, deyə bildirib.

Dünyanın iki nəhəng ölkəsinin ticari əlaqələrdə ABŞ dollarından imtina edərək milli valyutlarından istifadə etmələri dolların mövqeyini zəiflədə bilərmi? Mövzu ilə əlaqədar İqtisadiyyat.Az-a açıqlama verən iqtisadçı ekspert Pərviz Heydərov, sözügedən əlaqələrin dollara heç bir  ziyan verməyəcəyini bildirib. Onun sözlərinə görə, milli valyutalardan istifadə ilə ticarət əlaqələri aparılması üçün konkret mexanizm lazımdır ki, o da yoxdur.

“Adı çəkilən və ya digər ölkələrin öz milli valyutaları ilə ticarət əlaqələri aparması, dünyanın valyutası rolunu oynayan ABŞ dollarının sıradan çıxarda bilməz. Rusiya və Çin prezidentləri arasında əvvəllər də belə danışıqlar aparılmışdı. Hətta prezidentlər bu barədə razılığa da gəlmişdilər. Ancaq ortada heç bir mexanizm olmadığı üçün ticarət əlaqələrində sözügedən istəyin reallaşdırılması mümkün olmamışdı. Ümumiyyətlə bu ölkələr arasında milli valyutalar ilə ticarət əlaqələri ancaq danışıqla bitməməlidir. Anoloji danışıqlar Türkiyə-Rusiya, Türkiyə-Azərbaycan, Rusiya-İran arasında da əvvəllər olmuş və indi də rast gəlinməkdədir. Ancaq bu ticarət əlaqələrinin ABŞ dollarının mövqeyinə heç bir ziyanı olmayıb və olmayacaq da. ABŞ dollarının dünyada hegemonluğu ona görədir ki, dünyada istehsal olunan məhsulların 1/3 hissəsi ABŞ-a aiddir. Ona görə də yerdə qalan ölkələrin öz valyutaları ilə ticarət əlaqələri aparması mücərrəd xarakter daşıyan bir məsələdir. Çünki hər bir ölkənin milli valyutası dünya iqtisadiyyatında qarşılıqlı əlaqələrdə digər valyutalarla əlaqədədir. Bu və digər şəkildə hər bir ölkənin valyutası ABŞ dollarına bağlıdır. Rusiya və Çin öz milli valyutaları ilə ticarət etsələr belə, onların valyutaları yenə də dollara əsasən dəyər tapacaq. Bu da ABŞ dollarının dünyanın aparıcı valyutası olduğunu təsdiq etmiş olacaq”.

Mehman Nəbiyev