Ölkədə və dünyada baş verən siyasi-iqtisadi hadisələr istər qlobal, istərsə də yerli bazarda qiymətlərin dəyişməsinə səbəb olur. Bu dəyişiklik mütəmadi olaraq müşahidə olunur. Hazırda hər kəsi düşündürən əsas mövzu yaxın vaxtlarda hansı sahədə qiymət artımının ola biləcəyi ilə bağlıdır.

Bu barədə İqtisadiyyat.az-ın suallarını cavablandıran iqtisadçı Eldəniz Əmirov bildirib ki, avtomobil və mənzil bazarında qiymət artımını proqnozlaşdırır:

"Bu iki kateqoriyada bahalaşma digərlərinə nisbətən daha ciddi olacaq. Gündəlik təlabat mallarında da bu tendensiya davam edəcək. Lakin avtomobil və xüsusən mənzillərdə daha çox artım olacağını düşünürəm. Avtomobillərin qiymətinin qalxması verilən qərarla əlaqədardır. Mənzil bazarında bahalaşmaya səbəb isə bankların təklif etdiyi depozit faizlərinin ümumi inflyasiyanın yanında o qədər də cəlbedici olmamasıdır. İnsanlar vəsaitlərini banklardan daha çox daşınmaz əmlaka yatırmağa üstünlük verir. Çünki daşınmaz əmlakın illik bahalaşma səviyyəsi bankın verdiyi depozit səviyyəsindən çox azdır. Depozitlərdən gələn gəlirlərin vergiyə cəlb edilməsi də vəsaitlərin daşınmaz əmlaka yatırılmasına səbəb olacaq".

 

 

İqtisadçı-ekspert Natiq Cəfərli mövzu ilə bağlı açıqlamasında bunları dilə gətirib:

"Azərbaycanda inflyasiya bütün sahələrdə gedir. Bəzi sahələrdə sürəti azalır, bəzisində çoxalır. Mərkəzi Bank bu il inflyasiyanı 9% gözləyir, amma çox güman ki, yenə ikirəqəmli olacaq. Köhnə avtomobillərlə bağlı son qərardan sonra bazarda bu avtomobillər azalacaq. Ona görə də onların qiymətində artım olacaq. Ərzaq məhsullarının qiymət artımında isə bir az səngimə olacaq. Mövsümi səbəblərə görə. Yerli məhsulların bazara çıxarılması may-iyun aylarında qiymət artımının tempini aşağı salacaq. Bu müsbət tendensiyadır, amma mövsümi xatakter daşıyır. Oktyabr-noyabr aylarında yenidən qiymət artımı gözlənilir".