“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Masallı rayonunda çay sahələrinin genişləndirilməsinə başlanılıb.

Bu məqsədlə Gürcüstandan rayona 3 ton yüksəkkeyfiyyətli “Kolxida” çay toxumu gətirilib.

Masallıda çay əkininə ötən əsrin 40-cı illərində başlanılıb. 1990-cı ilə qədər rayonda 4 min hektara yaxın çay sahəsi mövcud olub, plantasiyalardan 11 min ton yaşıl çay yarpağı istehsal edilib.

Sonralar Masallıda çayçılıq uzun müddət tənəzzül dövrünü yaşayıb. Son illər Azərbaycanda kənd təsərrüfatının bütün sahələrinə, o cümlədən çayçılığın inkişafına göstərilən dövlət qayğısı nəticəsində məhsul istehsalçılarının bu sahəyə marağı artıb.

Çayçılığın inkişafına dair Dövlət Proqramının icrası istiqamətində Masallıda mühüm tədbirlər həyata keçirilir. Artıq Kolatan kəndində 100 hektar sahədə yeni çay plantasiyaları salınıb. Hazırda isə Tüklə kəndində 30 hektar sahədə çay əkini aparmaq üçün Gürcüstandan gətirilmiş “Kolxida” çay toxumları tinglik təsərrüfatında polietilen paketlərə əkilir.

Tinglik təsərrüfatında yetişdirilən çay şitilləri oktyabr və noyabr aylarında sahələrə köçürüləcək.