Ölkənin aqrar sektorunda sığorta sisteminin işləməməsi məhsuldarlığı və bu sahəyə olan marağı azaldırmı? Kənd təsərrüfatı üzrə tanınmış ekspert Nicat Nəsirli İqtisadiyyat.Az-a verdiyi açıqlamada bu suala ətraflı aydınlıq gətirib. Onun sözlərinə görə, aqrar sığortanın işləməməsi bu sahəyə marağı azaldır və nəticə etibarilə hər il idxala daha çox pul xərcləyirik:

“Kənd təsərrüfatımızın ən ağır problemlərindən biri olan sığorta sisteminin işləməməsi regionlarda istehsalçıların iqtisadi aktivliyinə ciddi zərbə vurur, fermerlər arasında psixoloji inamsızlıq sindiromunu getdikcə dərinləşdirir. Kənd yerlərində yaşayan əhalinin əli iş-gücdən soyuyur, urbanizasiya prosesi güclənir, nəticədə idxala daha çox pul xərcləyirik. Azərbaycan kosmos dövlətinə çevrilmək iddiasında olsa da potensial olaraq ənənəvi aqrar ölkədir. Əhalinin əmək vərdişləri bütünlüklə kənd təsərrüfatına əsaslanır. On milyona çatan əhalimizin 47%-i kənd yerlərində yaşayır, ölkədə məşğul əhalinin 36%-i aqrar sahənin payına düşür. 863 min ailə təsərrüfatı çörəyini torpaqdan çıxarır. Bunun qarşılığında, ÜDM-in cəmi 5-6%-i aqrar sektorda formalaşır ki, bu çox kiçik göstəricidir. Ölkənin illik idxal-ixrac prosesinin müqayisəsi deyir ki, ortada 150 milyon manatlıq bir fərq var. Yəni, kənd təsərrüfatı məhsulları ixrac etməyimizə baxmayaraq, ildən-ilə  idxala daha çox pul göndəririk, nominal baxımından milli iqtisadiyyatımızın xaricdən asılılığı güclənir”.

Nicat Nəsirli kənd təsərrüfatı sahəsinə investisiya qoyulmasının vacibliyini, lakin mənfəət vermədiyi üçün investorların maraqsız qaldığını bildirib: “Aqrar sığorta bazarında vəziyyət acınacaqlıdır. Bu sahəni tənzimləyən qanun hələki Milli Məclisin birinci oxunuşundan keçib, qəbul edilməyib. Kənd təsərrüfatı sahəsində maliyyələşdirmə mexanizmlərinin təkmilləşdirilməsinə ehtiyac var. İlk növbədə aqrar sığorta fondu formalaşdırılaraq bazara təqdim edilməli və bu sahəyə investisiya qoyuluşlarının təşviqi təmin olunmalıdır. Lakin kənd təsərrüfatında mənfəətin aşağı olması investisiya cəlbediciliyini heçə endirir. Üstəgəl,  əkinçilərimizin sığorta sisteminə inamı yoxdur, o inam yaradılmalıdır.

Onsuz bazar iştirakçıları inamlı addım atmayacaqlar. Rəqəmlər də bunu deyir: ölkənin sığorta bazarında fəaliyyət göstərən 18 şirkətdən cəmi dördü sığorta məhsullarının satışı ilə məşğuldur. 2018-ci ilin yanvar göstəricilərinə görə, ümumi sığorta yığımları arasında  bitkiçilik cəmi 0,01 faiz təşkil edib. Hər il büdcədən kənd təsərrüfatı məhsullarının sığortasına 1 milyon manat vəsait ayrılır. Lakin bu vəsait istifadə olunmamış geri qaytarılır. Yalnız ötən il 15 min manat təbii fəlakətə görə istehsalçılara vəsait ödənilib”.

Yeni yaradılacaq modelin üstünlüklərindən danışan kənd təsərrüfatı eksperti, ciddi problemlərin və çatışmazlıqların olduğunu da dilə gətirib: “Yeni modeldə fermer sığorta şirkətinə müraciət edəcək, sığorta müqaviləsi bağlayacaq. KTN maliyyənin ayrılması üçün Maliyyə Nazirliyinə  müraciət  edəcək, hadisə müstəqil ekspertlər tərəfindən qiymətləndiriləcək, sistemin nəzarətçisi isə MBNP olacaq. Ən əsası, Aqrar Sığorta Fondu yaradılacaq, onun idarəsi özəl şirkətlər tərəfindən həyata keçiriləcək. Fondun funksiyalarına  sığorta olunacaq məhsulların müəyyən edilməsi, subsidiya məbləglərinin təyin olunmasıdır. Amma yeni modelin işlək olması üçün gözlə görünən ciddi problemlər var: xırda istehsalçıların kooperasiyalarda birləşməməsi, hidrometeroloji, torpaqların melorativ vəziyəti haqda data bazaların  olmaması, peşəkar mütəxəssislərin çatışmaması və s. Bunlar ciddi problemlərdir, ona görə də dövlət orqanları elmi-tətqiqat müəsissələriilə birləşərək birgə addım atmalıdır. Milli sığorta sistemi ilin sonundan fəaliyyətə başlamalıdır, vaxt az, iş çoxdur”.

 

Mehman Nəbiyev