Dünya Bankı tərəfindən icra olunan və Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) aktiv fazaya keçib.

İqtisadiyayt.az xəbər verir ki, bu barədə AZTAF proqramının Dünya Bankı tərəfindən təqdimatı zamanı bildirilib.

Məlumata görə, AZTAF Azərbaycanın 5 milli prioriteti və 2022-2026-cı illər üzrə Sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırılıb. Azərbaycanın İqtisadiyyat Nazirliyi AZTAF proqramının aparıcı tərəfdaşıdır. Texniki yardımın büdcəsi 5,25 milyon avro təşkil edir və proqramın icra müddəti 2025-ci ilin aprel ayınadək nəzərdə tutulub.

AZTAF proqramı Avropa İttifaqının 4 tərəfdaşlıq prioritetini – daha güclü dövlət idarəçiliyi, daha güclü iqtisadiyyat, daha güclü bağlantılar və dayanıqlılıq, daha güclü cəmiyyət – yerinə yetirmək məqsədilə 4 qrupda müəyyən olunur və 9 texniki yardım fəaliyyəti çərçivəsində Azərbaycan hökumətinə dəstək göstərir.

Birinci prioritet dövlət müəssisələrində korporativ idarəetmə və hesabatlılıq islahatı, Azərbaycanın dövlət satınalmaları sisteminin gücləndirilməsi, su təhlükəsizliyinin yaxşılaşdırılmasına dəstəyi nəzərdə tutur.

İkinci prioritet üzrə Azərbaycana kənd yerlərinə və yerli iqtisadi inkişafa innovativ yanaşma kimi “Ağıllı kəndlər” proqramının hazırlanmasında dəstək göstəriləcək.

Üçüncü prioritetdə Azərbaycanda inklüzivlik və rəqabətlilik üçün yüksək sürətli rəqəmsal əlaqə, enerji səmərəliliyi (ES) üzrə normativ bazanın işləkliyinin təmin olunmasına və ictimai binalarda enerji səmərəliliyi üzrə müdaxilələr üçün investisiya imkanlarının müəyyənləşdirilməsi yəzərdə tutulur.

Dördüncü prioritetə isə daha yaxşı idarəetmə və daha güclü iqtisadi inkişaf üçün cinsi mənsubiyyətə əsaslanan peşə ayrı-seçkiliyinin aradan qaldırılması, qadınların əsas biznes bacarıqları üzrə dəstəklənməsi, Azərbaycanda əlilliyin qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi üzrə texniki yardım ediləcək.

Burada hökumətə su təhlükəsizliyi üçün milli çərçivə yaratmağa kömək etmək, kənd və yerli iqtisadi inkişaf strategiya və proqramlarında innovasiyaları dəstəkləmək, enerji səmərəliliyinin artırılmasına imkan verən mühiti, təkmilləşdirilmiş hüquqi və institusional bazanı dəstəkləmək və ES tətbiqlərini genişləndirmək üçün müvafiq maliyyələşdirmə mexanizmlərini müəyyən etmək və bir sıra bu kimi spesifik məqsədlər də nəzərdə tutulur.

Proqramın icrasından sonra əlilliyin qiymətləndirilməsinin gücləndirilməsi, kənd yerlərində qadın sahibkarların rəqəmsal və digər biznes bacarıqlarının artırılması, “Ağıllı kəndlər” pilotlarının tətbiqi üçün təkmilləşdirilmiş əlverişli mühitin yaradılması, su ehtiyatlarının düzgün idarə edilməsinin planlaşdırılması və su təhlükəsizliyi üçün zəruri olan məlumatların təkmilləşdirilməsi, strateji və elektron satınalmalar üçün təkmilləşdirilmiş ilkin şərtlərin işlənib hazırlanması və digər müsbət nəticələr gözlənilir.//Report//